Baş Prokuror: “Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb”

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bəyanatla çıxış edib.

Baş Prokurorluqdan APA TV-yə daxil olan bəyanatda qeyd olunur ki, sentyabr ayının 27-dən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı başlanmış təcavüz davam edir. Azərbaycan Ordusu tərəfindən əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edilib. Buna cavab olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezıdenti” Arayik Arutunyanın tapşırığı əsasında bu gün saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub.

Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan dəyib. Vurulan ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

İlkin araşdırma ilə qeyd olunan fakt üzrə kifayət qədər sübutlar toplanıb. Buna görə də Arayik Arutunyanın barəsində cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Müəllif | Apa.Tv
Apa.tv