Baş Prokurorluğun yeni binasına media-tur təşkil olunub
Dörd korpusdan ibarət altı və dörd mərtəbəli iki inzibati bina, Elm-Tədris Mərkəzi, kitabxana, yataqxana və konfrans zalları...
APA TV-nin xəbərinə görə, bütün bunlar Baş Prokurorluğun “Dərnəgül” metro stansiyasının yaxınlığında yerləşən yeni inzibati bina kompleksində yerləşir.
İnşası 2018-ci ildən aparılan inzibati bina kompleksinin açılışı fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Bu gün isə prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq üçün bina kompleksinə media-tur təşkil edilib.
Baş Prokuror Kamran Əliyev yaradılmış şəraitə görə prezident İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, bu bina prokurorluq əməkdaşları üçün olduqca əhəmiyyətlidir.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qeyd edib ki, ölkə başçısı daim prokurorluq orqanlarının fəaliyyətinin inkişafına, prokurorluq əməkdaşlarının sosial vəziyyətinə diqqət yetirir. Dövrün tələblərinə uyğun olaraq prokurorluqda yeni struktur və kadr islahatları aparılıb.
Daha sonra “Qarabağ Azərbaycandır” adlı kitabın təqdimatı keçilib, "Qanun keşikçiləri" adlı bədii sənədli filmin təqdim edilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə bina kompleksində 44 günlük Vətən Müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya haqqında məlumat verib: “Burada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artilleriya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür. Qalereyada həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhəri və işğaldan azad olunmuş digər ərazilərə olan səfərlərindən, eləcə də Qələbə münasibətilə bağlı 10 dekabr 2020-ci il tarixdə keçirilmiş hərbi paradı özündə əks etdirən fotoşəkilləri seyr etmək olar”.
Eyni zamanda Zəfər Muzeyində ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Prokurorluq orqanları işçilərinin adlı siyahısı yer alıb.
Qalereyada 44 günlük Vətən Müharibəsində iştirak etmiş və cəbhəyanı zonalarda xidmət edərkən fəaliyyətində fərqlənmiş prokurorluq əməkdaşlarının fotoları və onlar barədə məlumatlandırıcı lövhələr də öz əksini tapıb: “Kriminalistika otağında isə qeydə alınmış cinayətlərin araşdırılması üçün müasir avadanlıqlar nümayiş olunur. Gördüyünüz bu qurğu basdırılmış metal və qeyri-metal əşyaların aşkar olunması zamanı istifadə edilir. Digər bir kompleksdən isə basdırılmış meyit qalıqlarının aşkar edilməsində istifadə olunur”.
Baş Prokurorluğun Kriminalistika otağında sərgilənən ən müasir dronlar hazırda işğaldan azad edilmiş ərazilərin havadan görüntüsünü video lentə almaq üçün istifadə edilir. Digər ən müasir texnologiya olan dron isə sualtı dronlardır. Onlar suyun altına atılmış cinayət predmetinin və ya suyun altında basdırılmış meyitin aşkar edilməsi zamanı istifadə edilir.
Bütün bunlarla yanaşı, Baş Prokurorluğun bina kompleksində maddi sübutların saxlanılması üçün otaqlar, İstintaq idarəsinə aid tanınma və dindirilmə otaqları da mövcuddur. Bina kompleksi 8 sürətli lift, ehtiyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, İP telefoniya, təhlükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən sulu və köpüklü yanğınsöndürmə sistemləri ilə təchiz olunub. Kompleksin ümumi istifadəyə yararlı sahəsi 16600 kv. m-i əhatə edir.
İlahə Vəliyeva,
Üzeyir Ağayev,
APA TV