Baş Prokurorluq Abşeronda tutulan vəzifəli şəxslərin adlarını açıqladı
Baş Prokurorluq Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi barədə məlumat yayıb.
APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb.
Bununla əlaqədar həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.
Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə, Murad Əhmədov isə 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub, məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.