Baş Prokurorluq: Ermənilər Beyləqan şəhərini artilleriyadan atəşə tutub, iki bacı həlak olub

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızının yaşadıqları evə çoxsaylı top mərmiləri düşüb. İki bacı dağıntılar altında qalaraq həlak olublar.

 

Eyni zamanda, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib. 

 

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 , 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

 

Həmçinin, təcavüzkar ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Səfər Əyyub oğlu və Quliyev Akif Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. 

 

Baş Prokurorluqdan verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabrın 27-dən bu gün saat 10:00-dək 22 nəfər həlak olub, 74 nəfər yaralanıb. Həmçinin 49 mülki obyektə, 248 yaşayış evinə ziyan dəyib. 

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv