Baş Prokurorluq: Gəncədə həlak olanların sayı 9-a çatıb

Ermənistan silahlı qüvvələrinin ötən gecə cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub.

 

APA TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Fövqəladə Hallar Nazirliyi də Gəncədəki son durumla bağlı məlumat yayıb.

 

Bildirilir ki, Nazirliyin müvafiq qüvvələri tərəfindən bu saat qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 nəfərin cəsədi çıxarılıb.

 

Axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzindən 33 nəfər şəxsi heyət və 3 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 25 nəfər şəxsi heyət, 3 texnika və 5 baş xüsusi təlim görmüş it, Mülki müdafiə qoşunlarından 48 nəfər şəxsi heyət və 2 ədəd texnika, Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət və 3 texnika cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv