Baş Prokurorluq: Nərmin Quliyevanın ölümü ilə bağlı yayılan səs yazısı araşdırılır
Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı istintaq tərəfindən araşdırılır.
APA TV-nin məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, sosial şəbəkələrdə yayılmış həmin audio yazı istintaq-əməliyyat qrupuna təqdim edilib. Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Həmin səs yazısında Nərminin ölümündə İlkin Süleymanovun deyil, Altay Məmmədovun təqsirkar olduğu bildirilir. Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İlkin Süleymanov tutularaq istintaqa cəlb edilib. İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Tovuz Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.