Baş Prokurorluqdan özünü 20-ci mərtəbədən atan qızla bağlı AÇIQLAMA
Bakının Xətai rayonunda özünü 20-ci mərtəbədən atan Sevil Atakişiyevanın mesajlarının yayılması ilə bağlı araşdırma aparılacaq.
Bu barədə APA TV-yə Baş Prokurorluqdan məlumat verilib. Bildirilir ki, bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb:
"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək".
Qeyd edək ki, Xətai rayonu "Sevgililər parkı" yaxınlığındakı binanın 20-ci mərtəbəsindən özünü atan gənc qızın başına gələnlərlə bağlı psixoloqa yazdığı mesajlar üzə çıxıb. Qeyd olunan mesajlarda Azərbaycan Turizm və Menecmentlik Universitetinin tələbəsi olan mərhum qız ailədə çətinliklərlə üzləşdiyini, daim təhdid altında qaldığını bildirib.