Baş Şirvan kanalında brakonyerlərə qarşı reyd keçirildi

Salyan rayonu ərazisində Baş Şirvan kanalında qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, reyd kanalın Ələt-Astara magistralı ilə kəsişdiyi nöqtədən Şirvan şəhəri istiqamətində 20 km kanal boyunca baş tutub.

Bu, ETSN və Azərbaycan Balıqçılar İttifaqının brakonyerliyə qarşı keçirdiyi birgə reyddir. Reyd zamanı kanal boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar texnikanın köməyi və Balıqçılar İttifaqının aktiv üzvlərinin dəstəyi ilə sudan çıxarılaraq məhv edilib. ETSN əməkdaşları tərəfindən qanunsuz yolla balıq ovlayan, kanalın faunasına ziyan vuran qurğular quraşdıran  şəxslər barəsində inzibati protokollar yazılıb və cərimə olunublar. 

Reyd zamanı Baş Şirvan Kanalında brakonyerlərin istifadə etdiyi 2 ədəd taxta qayıq aşkar olunub. Eyni zamanda balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə su axınının qarşısına quraşdırılan 50-dən çox sualtı çəpər müəyyən edilib. Dəmir troslar kəsilib və onların üzərində olan vasitələr texnikanın köməyi ilə sudan çıxarılıb. Kanal sahilində bir brakonyer evi dağıdılıb. Qanunsuz balıq ovu üçün istifadə olunan ov alətləri - ventil və sintetik torlar yandırılaraq məhv edilib.

Reyd zamanı dəmir trosların kəsilməsinə etiraz edən brakonyer barəsində protokol tərtib edilib. Həmin şəxsdən götürülən 3 kiloqramlıq kürülü çəki balığı diri olduğundan, yenidən suya buraxılıb. Ləğv edilən torlarda xeyli sayda kürülü balıqlar məhv olub. Onlar arasında nəsli kəsilməkdə olan şahmayı balıqlarına da rast gəlinib.

Qeyd edək ki, yaz qabağı balıqların populyasiyası və kürütökməyə hazırlaşdığı dövrdə qiymətli balıq növlərinin tutulması qadağandır. Brakonyerlik yolu ilə və kustar üsulla hazırlanmış kobud ləvazimatlar, sintetik torlar vasitəsi ilə tutulması qadağan olunması ilə yanaşı, həm də cinayət məsuliyyəti yaradır. Kürüləmə dövründə balıqların bu yolla ovlanması həm də onların nəslinin kəsilməsinə və ölkə sularında balıq ehtiyatlarının tükənməsinə gətirib çıxarır. 

Reydlərin mütəmadi keçirilməsi davam etdiriləcək.

Əlibəy Zeynallı
Elçin Həsənov

Müəllif | Apa.Tv
Apa.tv