Baxan çox, alan yox: qızıl bazarında durğunluq - ARAŞDIRMA

Pandemiya hər sahədə olduğu kimi, qızıl sahəsinə də zərərsiz ötüşməyib. Toy və nişan mərasimlərinə qoyulan qadağadan sonra qızıl-zinət əşyalarının alıcıları azalıb.

 

Yoluxma dinamikasında azalma müşahidə edildikdən sonra bir sıra məhdudiyyətlər aradan qaldırıldı. Nəticədə bir sıra obyektlərlə yanaşı, qızıl dükanları da fəaliyyətini bərpa etdi. Qərara gəldik ki, bir müddətdir fəaliyyətlərini davam etdirməyə başlayan qızıl mağazalarına baş çəkək. təəssüf ki, bu dükanlarda əvvəllər öyrəşdiyimiz mənzərə ilə qarşılaşmadıq.

 

APA TV xəbər verir ki, qızıl əşyaları almaq üçün növbənin yarandığı mağazalarda indi vitrinlər dolu, alıcılar isə azdır:

 

- Bizdə alıcılıq qabiliyyəti çox düşdü. Alıcılar ən çox toylarla bağlı gəlirdilər. İndi toylar olmadığına görə bazar zəifləyib. Baxan çoxdur, amma alan yoxdur”.

 

- Pandemiyadan əvvəl və indiki durumu müqayisə etsək, çox dəyişikliklər olub. Müştərilər daha qiymətli mallara üstünlük verirdilərsə, bu günlərdə qramı az olan və daha ucuz mallara üstünlük verilər. Alıcı qüvvəsi çox azdır. Amma yenə də biz mallarımıza müəyyən qədər endirim edirik ki, müştərilər ala bilsin.

 

Gördüyünüz bu dəst əvvəllər 16 min manat idisə, indi 15 min manata  satılır.

 

Qızılın qiymətinin enməsindən vətəndaşlar da yararlanmağa çalışır. Kimisi nəvəsi üçün bəzək əşyası alır, kimisi də pandemiyanın bitəcəyinə ümid edərək toy üçün alış-veriş edirdilər:

 

- Nəvəm üçün gəlmişəm, sırğa alıram. Satıcı xanım da sağ olsun, seçim etməyə kömək edir. Elə bir sırğa istəyirəm ki, həm məktəbə uyğun olsun, həm də nəvəmin xoşuna gəlsin. Qiymətlər pis deyil, əvvəlkinə nisbətən fərqi var.

 

- İnşallah, bu pandemiyadan sağ-salamat çıxa bilsək, oğlum nişanlıdır, toy edəcəyik. Hələlik qızıllara baxmağa gəlmişəm. İnşallah, almağa gələndə gəlinimi də gətirəcəm. Sadəcə, qiymətlərlə maraqlanıram.

 

Ekspertlər də qızıl bazarında pandemiya dövründə tənəzzülün olduğunu deyirlər. Onların sözlərinə görə, satış bazarının daralması, dövriyyənin azalması zərgərlik məmulatları istehsalına mənfi təsir göstərir. İqtisadçı ekspert Elşad Həsənov deyir ki, məhz bu təsirləri azaltmaq, qızıl bazarında pandemiyanın yaratdığı durğunluğu aradan qaldırmaq, ölkə daxilində zərgərlik məhsullarına dəyən zərərin aradan qaldırılması üçün dövlət bu sahədə vergi güzəştləri edib: “İdxalla bağlı biz gördük ki, dövlət tədbirlərinin fiskal siyasətinin bir qədər sərtləşməsi məsələsi var. Bu da onunla izah olunur ki, ölkəyə idxalın zərgərlik məhsulları nöqteyi-nəzərdən artırılmasına imkan verilməsin. Bu, həm valyuta çıxışı deməkdir, həm də yerli istehsalçıların mövqelərinin zəifləməsi deməkdir. Yerli istehsalçıların stimullaşdırılması üçün dövlət vergi yükünü azaldır ki, ölkədə zərgərlik sektoru dayanıqlığını qoruyub saxlaya bilsin”.

 

Qeyd edək ki, ekspertlər pandemiyadan əvvəlki dövrlə müqayisədə ümumilikdə zərgərlik məhsullarının satışında 90-95% geriləmə olduğunu deyirlər.

 

Fatma Zahidqızı,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv