Bayden Ərdoğana niyə hərbi salam verdi? - Dünya bundan danışır

“Böyük İyirmilik”in zirvə görüşü zamanı Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi salam verməsi bir neçə gündür müzakirə olunur.

 

Bayden Ərdoğana niyə hərbi salam verdi? Bu sual ətrafında Qərb, eləcə də Türkiyə mətbuatında çox sayda müzakirələr açılmaqdadır.

 

Qeyd edək ki, NATO-nun iki əsas ölkəsinin münasibətlərindəki gərginliklər barədə müxtəlif nəşrlərdə məqalələr də dərc olunub. İngiltərənin məşhur “Financial Times” qəzeti də ABŞ-Türkiyə münasibətləri barədə məqalə yayımlayıb. Qəzetin Türkiyə üzrə müxbiri Laura Pitarinin “Ərdoğanın qırıcı təyyarə axtarışı Baydeni küncə sıxır” başlıqlı yazısında Vaşinqtonun çıxılmaz vəziyyətindən yazıb.

 

Sitat: Türkiyənin ödənişini öncədən etdiyi “F-35”lərlə bağlı tələbinə ABŞ-ın imtina cavabı və qarşılığında rəsmi Ankaranın Rusiyadan almağı düşündüyü “SU-57”lərin sifarişinə hazırlaşması Bayden hökumətini çətin duruma salıb.

 

Rəsmi Vaşinqtonun bu narahatlığı təbiidir çünki, bundan öncə də ABŞ Türkiyəyə “Patriot” - hava hücumundan müdafiə sistemlərini vermədi. Bu isə rəsmi Ankaranın Rusiyadan “S-400” raketləri alması ilə nəticələndi. Türkiyənin yeni texnoloji silahlar istehsal etməsi, Yaxın Şərqdə siyasi və hərbi gücünü artması ABŞ və Rusiya arasında münasibətləri daha da gərginləşdirir. Çünki həm Vaşinqton, həm də Moskva Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar. Sitatın sonu.

 

Edilən müzakirələrlə bağlı APA TV-yə açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, ABŞ və Türkiyə arasında yaranan gərginlik NATO bloku ölkələrini çox narahat edir. Ancaq bütün bunlara baxmayaraq, Türkiyənin güclənməsindən ehtiyat edən bəzi ölkələr anti-Türkiyə kampaniyalarından çəkinmirlər.

 

Siyasi şərhçi əlavə etdi ki, Baydenin Ərdoğana hərbi salam verməsi də, təsadüfü deyil, hərbi xarakter daşıyır: “Türkiyə növbəti hərbi əməliyyatlar ərəfəsindədir. Artıq Suriyada PKK və YPG –terror təşkilatlarına qarşı hərbi əməliyyatların başlanması üçün qərar verilib. ABŞ isə Türkiyəni  bu addımından çəkindirməyə çalışır. ABŞ prezidentinin diplomatik jesti hərbi xarakterli münasibətlərə işarədir. Düşünürəm ki, bədən dilinin bu cür “danışması” hansısa hərbi  kampaniyalardan xəbər verir.”

 

Əksər qərb politoloqları isə bildirirlər ki, Baydenin bu jesti Vaşinqtonun Türkiyə ilə bütün hərbi danışıqlara hazır olduğunu bildirməsi deməkdir.

Müəllif | Apa.Tv
Apa.tv