Bayrağı dağıntılar altından çıxaran şəxs: “Biz bu bayraqdan ötrü hər an ölməyə hazırıq”
Dövlətçiliyin əsas atributlarından olan bayraq hər zaman qürur mənbəyimiz olub. Şəninə şeirlər yazılıb, mahnılar bəstələnib. Onun yüksəklərdə dalğalanması naminə canlar fəda olunub.
APA TV-nin yerli bürosunun məlumatına görə, oktyabrın 4-də Gəncəyə ilk dəfə raket atılanda Azərbaycan insanının bayrağına olan sevgisinin və ehtiramın bir daha şahidi olduq.
Xəyyam Eyyubov - indi onu çoxları tanıyır. Məşhur fotoda gördüyünüz o qəhrəman.
Ermənilər tərəfindən atılan mərmilərdən biri onların həyətinə düşmüşdü. Nəticədə 10 ailənin yaşadığı həmin həyətdə yaralananlar oldu. Yaralılardan biri Xəyyamın övladı 11 aylıq Zəhra idi. Ata ailəsini dağıntılar altından çıxaranda evdəki bayrağı da unutmadı: “Maşınımda gəzdirirdim. Şəhərə çıxanda hamı bayrağını qaldırsın ki, yəni millət əhval ruhiyə ilə qarşılasın. Əsgərlərimiz görsün əhval ruhiyyəli olsun. O da elə qismət oldu, partlayış oldu bayraq da evdə üstünə şüşə, beton tökülmüşdü. Uşağın paltarını yığıb, yığışdıranda bayrağı da çıxartdım. Orda uçqun yerdə bayraq qalmaz, bizim başımızın üstündə olmalıdır həmişə”.
Hazırda evləri yararsız vəziyyətə düşdüyündən onlar Şəmkirdəki qohumlarının yanında qalırlar. Balaca Zəhra isə aldığı xəsarətlərə görə müalicə olunur. Bununla belə ailə çox məğrur və qələbə eşqi ilə yaşayır. Ata yaralanmış körpəsini çəkməyə də razı olmadı, deyir səngərdə əsgərlərimiz Vətən üçün canından keçirsə, yaralanmaq onun yanında nədir ki? Aprel döyüşlərində özü də könüllü olaraq müharibəyə yazılıbmış: “Bu bayrağın, bu vətənin insanlarıyıq biz. Biz bu bayraqla, vətənlə nəfəs alırıq. Ailəmiz hamısı, yəni bayraq deməkdir. Qeyrət, namus hamısı bayraq deməkdir. 90-cı ildən bu yana nə qədər şəhidlər bu bayrağa görə şəhid olubdu, nə qədər oğullar şəhid olub bu bayrağa görə. Yəni biz də bu bayraqdan ötrü ölməyə hazırıq hər an”.
Qəhrəman vətənin igid insanları, vüqarlı duruşunla qürur duyuruq.
Bayraq bizim qürur mənbəyimizdir. Onu başımızın üstündə uca tutmaq dalğalandırmaq hər bir Azərbaycan xalqının vətəndaşlıq borcudur.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov
APA TV