Bayram günləri üçün hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 2019-cu ilin yekunları ilə bağlı hesabat yığıncağı baş tutub.

 

APA TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərin suallarını cavablandırıblar.

 

Umayra Tağıyeva bildirib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yen il günlərində ölkə ərazisində hava şəraitinin normal olacaq: “Dekabrın 31-də respublikanın əksər rayonlarında hava şəraiti mülayim, yağmursuz keçəcək. Lakin şərq rayonlarında, yəni sahilyanı ərazilərdə - Quba-Xaçmaz bölgəsində, Lənkəran-Astara zonasında, eyni zamanda Bakıda və Abşeron yarımadasında ayın 30-da gecə saatlarından başlayan yağış ayın 31-də səhər saatlarında davam edəcək. Yağış qısamüddətli olacaq. Günün ikinci yarısında yağışın kəsiləcəyi proqnozlaşdırılır”.

 

Umayra Tağıyeva bayram günlərində havanın temperaturunun normal olacağı proqnozunu verib: “Ayın 31-də havanın temperaturu günorta saatlarında 10-14 dərəcə isti təşkil edəcək. Ayın 1-də, yəni yeni ilin ilk günündə xoş yumşaq və küləksiz hava şəraiti gözlənilir”.

 

Umayra Tağıyeva deyib ki, bayram günlərində paytaxta qarın yağması gözlənilmir.

 

Xatırladaq ki, son 20 ildə Bakıya 31 dekabrda cəmi 4 dəfə - 2006, 2008, 2012 və 2015-ci illərdə qar yağıb.

Müəllif | Apa.Tv
Apa.tv