Bayram günlərində Qəbələ və İsmayıllıda günlük evlər neçəyədir?
Yeni il tətili tam fərqli ab-havada qarşılamaq istəyənlər, qarlı və soyuq yeni il arzusunda olanlar hər il bayram ərəfəsində rayonlara üz tutur. Bayram tətilini əsl qış mühitində, qarlı dağların əhatəsində və təmiz dağ havasında keçirmək istəyənlərin ilk getmək istəyəcəkləri yerlərdən biri də Qəbələ və İsmayıllı rayonlarıdır. Bu ərəfədə hotellərdə, hətta fərdi evlərdə də yer tapmaq problemə çevrilir, qiymətlər isə ceyran belinə qalxır. Ancaq bu il bu rayonlarda ötən ilki qədər turist sıxlığı müşahidə edilmir. Hazırda Qəbələdə fəaliyyət göstərən 20-yə yaxın oteldə 60% doluluq müşahidə olunur. Keçən il bu göstərici 100% - dən artıq idi. Qəbələyə gələn bir çox turist otellərə üz tutsa da günlük evlərə üstünlük verənlər də az deyil. Maklerlər bildirir ki, hazırda Qəbələdə 50 manatdan 700 manata kimi dəyişən qiymətlərlə günlük ev tapmaq mümkündür. Evin şəraitindən və xidmət səviyyəsindən asılı olaraq bir gecə üçün 50 manat da tələb oluna bilər, 500 manat da, 700 manat da. İsmayıllıda isə günlük evlər 50 manatdan – 250 manata kimi dəyişən qiymətlərə təklif edilir. Yerli sakinlər isə bildirir ki, Qəbələ və digər rayonlarla nisbətdə İsmayıllıda evlər daha münasib qiymətə təklif edilir. Bayram ərəfəsində Qəbələdəki otellərdə bir gecə gecələmək otelin neçə ulduzlu olmasından və xidmət səviyyəsindən asılı olaraq 30 manatdan 200 manata kimi dəyişən qiymətlərə başa gəlir. Bu qiymətə bayram proqramı daxil deyil. Eyni qiymətlər İsmayıllı rayonunda yerləşən otellər üçün də keçərlidir. Maklerlər isə bildirir ki, yeni il münasibəti ilə otellerin və fərdi yaşayış evlərinin qiymətlərində artım müşahidə olunsa da, Şamaxı-İsmayıllı-Qəbələ yolunda təmir işləri aparıldığından rayonlara üz tutan insanların sayında ciddi dərəcədə azalma müşahidə olunub. Havanın mülayim keçməsi də qar həvəskarlarının əhvalına soğan doğrayıb. Bu amil də turistlərin qarsız yeni ili şəhər əyləncəsi ilə əvəzləməsinin səbəblərindən kimi qəbul olunur.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV