Bayramovdan “Laçın yolu” açıqlaması: 3 istiqamət üzrə istifadə edilə bilər
“Azərbaycan tərəfinin çoxsaylı təklifləri cənab Prezident tərəfindən edilməkdədir. Hansı ki bunlardan biri də Laçın yolu üzərində şəffaf rejimin təmin edilməsidir. Amma Ermənistan tərəfi paralel nəzarət təklifindən imtina edib. Belə olan təqdirdə, Laçın yolu üzərində şəffaf nəzarətin təmin edilməsi məqsədilə 23 apreldə Azərbaycan tərəfi nəzarət buraxılış funksiyasını yerinə yetirmək üçün müvafiq addımlar atmışdır. Bəyanata əsasən, Laçın yolu 3 istiqamət üzrə istifadə edilə bilər: vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün.
Sülh sazişi istiqamətində növbəti addımlar da məhz bizim tərəfimizdən edilib. Biz təbii ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk. ABŞ-ın müsbət addımları və rolu nəticəsində ən azından Ermənistan yenidən prosesə döndüyünü bəyan edib. Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək, irəli aparılması üçün əlindən gələni etməyə hazırdır”.