Bayramqabağı bilet sifarişi - GECƏ REYSLƏRİ, YENİ MARŞRUTLAR, SƏRNİŞİN SIXLIĞI
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır.
APA TV-nin məlumatına görə, gücləndirilmiş iş rejimi yanvarın 5-nə qədər davam edəcək. “Artıq bir neçə gündür ki, yeni illə bağlı, avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçərək, xəttə yeni avtobuslar əlavə edib”
Mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova ötən illə müqayisədə, bu il daha çox sərnişinin daşınacağını bildirib: “Təbii ki, gücləndirilmiş iş rejimi təkcə ehtiyyat avtobusların ayrılmasıyla kifayətlənmir, ümumilikdə kompleksin iş rejimində özünü göstərəcək. Artıq xəttə ehtiyyat avtobusları cəlb olunub. Sərnişinlər daha çox 30 dekabr tarixinə artıq satış kassalarından biletləri əldə ediblər. Biletlərin online satışında bu il aktivlik müşahidə olunur. Daha çox Mingəçevir, Şəki istiqamətində, beynəlxalq istiqmətlərdən İstanbul və Tiflis İstiqamətinə sərnişinlərin müraciəti daha çoxdur. Ən çox sıxlıq dekabrın 28,29 və 30-u tarixlərində müşahidə olunacaq. Sərnişinlərə bir daha müraciət edirik ki, sıxlığı nəzərə alaraq, biletlərini qabaqcadan əldə etsinlər. Hər hansı bir neqativ hallarla rastlaşarlarsa, 406-01-58,59 nömrələriylə əlaqə saxlasınlar. Məlumat mərkəzimizə - (012) 406-01-58/59 nömrəsinə zəng edə bilərlər”.
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil (DANX) Nəqliyatı Xidməti dekabrın 25-dən Respublikanın 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edib: “Ötən il Respublikanın 56 avtovağzal və avtostansiya kompleksində ölkə üzrə 54542 sərnişin daşınıb. Paytxatdan regionlara səfər edənlər daha çox olduğu üçün, ən çox sıxlıq da Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə olunub. Bu ildən gecə reysləri xətlərə əlavə olunduğu, Cocuq Mərcanlı xətti əlavə olaraq 3 istiqamətdən hərəkətə başladığı üçün ötən ilə nisbətən sərnişin sıxlığının artması ehtimalı var. Ona görə də sərnişinlərimizə tövsiyə edirik ki, biletləri bir neçə gün öncədən kassalardan əldə etsinlər”.
Region avtovağzallarda sıxlıq daha çox Mingəçevir, Gəncə, Şirvan, Şəki və Lənkəranda ola bilər:
“Ehtiyat avtobuslar dekabrın 25-dən gələn il yanvarın 2-ə qədər Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində isə regionların avtovağzal komplekslərinə təqdim ediləcək. Əlavə olaraq qeyd etmək istəyirik ki, dekabrın 31-dən 1-nə keçən gecə 501,502,503,592 və 596 saylı marşut xətləri üzrə hər xətt üçün bir əlavə avtobus səhərə qədər bir avtobus sərnişinlərimizin xidmətində olacaq”.
Eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə müraciət də edilə bilər:
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə cavabdehlik daşımır.