Bazarlarda karantin qaydaları pozulur
Ölkəmizdə koronovirus infeksiyasının qarşısını almaq məqsədilə karantin rejimi 31 maya qədər uzadılıb. Bu müddət ərzində biz maskadan, əlcəkdən istifadə edərək karantin qaydalarına əməl etməliyik. Hazırda “Yaşıl bazar”dayıq, burada mənzərə heç də xoş deyil. Çünki insanlar maskadan, əlcəkdən istifadə etmədən çox sərbəstcəsinə alış-veriş edirlər.
APA TV xəbər verir ki, karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaradıb. Əksər ictimai yerlərdə, xüsusilə də bazarlarda vətəndaşlar karantin qaydalarına əməl etmirlər.
“İynə atsan, yerə düşməz” misalının haqqını verən bu mənzərə insanların karantin qaydalarını unutduğunun sübutudur. Maskadan, əlcəkdən istifadə etmədən, ara məsafəsi saxlamadan alış-veriş edirlər. İstər alıcılar, istərsə də satıcılar karantin rejimi yoxmuş kimi ürək rahatlığı ilə işlərinin başındadırlar. Bu isə infeksiyanın daha da artmasına yol açır.
- Karantin rejimi bitməyib. Nə üçün maska və əlcəkdən istifadə etmirsiniz?
- Əlcəyi götürməmişəm, ancaq gedən kimi əllərimi spirtlə yuyuram.
- Maşında var, əlcəyim də ordadır. Bazara girəndə istifadə etmədim.
- Nə üçün əlcəkdən istifadə etmirsiz?
- Əlcəyim vardı, qopub cırıldı.
- Nə üçün əlcəkdən istifadə etmirsiz?
- Hazırda tapa bilməmişəm, alacağam.
8-ci kilometr bazarında da fərqli mənzərə ilə qarşılaşmadıq.
Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarının kəskin artması göstərir ki, dünyanı cənginə alan, milyonlarla insanın ölümünə səbəb olan koronovirusla zarafat etmək düzgün deyil. Baş infeksionist Cəlal İsayev deyir ki, karantin qaydalarına əməl etməsək koronovirus infeksiyasının yeni dalğası başlaya bilər: “Bu xəstəliyin yayılmasını önləmək üçün ən vacib tədbirlərdən biri də maskaların istifadə edilməsidir. Maskaları hamının taxması vacib şərtdir. İnsanlar sağlam, heç bir əlaməti olmadan bu virusu gəzdirib insanları yoluxdura bilərlər. Dünənki 76 nəfərin aşkar olunması onu göstərir ki, bizim insanlar verilən tövsiyələrə barmaqarası baxırlar, məsuliyyətsizlik edirlər. Bu məsuliyyətsizlik, səhlənkarlıq koronavirus infeksiyasının yeni dalğasının baş verməsinə, bizim gözlədiyimiz yumşaldılma tədbirlərinin təxirə salınıb, əksinə, tədbirlərin daha da ciddiləşdirilməsinə səbəb ola bilər”.
Karantinin yumşaldılması bizi arxayın salmamalıdır. Sadə gigiyenik qaydalara əməl etsək, həm özümüzün, həm doğmalarımızın, həm də ətrafdakı insanların sağlamlığını qorumuş olarıq. Unutmayaq ki, kiçik məsuliyyətsizliklərdən böyük peşmançılıqlar doğa bilər.
Fatma Zahidqızı
Üzeyir Ağayev