Bazarlarda qiymətlər bahadır, fermerlər isə məhsulu sata bilmir - ARAŞDIRMA
Artıq mövsümi meyvələr satışa çıxarılıb. Bu gün bazarlarda quş südü, can dərmanı, A-dan Z-yə hər cür meyvə tapmaq mümkündür. Amma qiymətlər əl yandırır. Mövsümi meyvələrdən olan göycə, çiyələk almaq istəyən alıcılar 1 kiloqrama 5-7 manat pul xərcləməlidirlər.
Mövsümi meyvələrdən hesab olunan tutda artıq bazara yol tapıb. İki növdə olan tutun 600 qramı 6-7 manatdır. Satıcılar deyir ki, gün ərzində təxminən 20-25 kilo tut sata bilirlər.
Bazarda apardığımız müşahidələr zamanı o da məlum oldu ki, koronavirus pandemiyası səbəbindən karantin müddətində satıcılar məhsulları fermerlərdən deyil, topdan satış mərkəzlərindən alıb bazarda satırlar. Satıcı Elsəvər Mirzəyev deyir ki, bu zaman məhsullar bir neçə “əl dəyişdirdiyindən” qiymət artımı da qaçılmaz olur: “Biz pomidoru 2.70 manata alıb 3 və ya 3.50 manata satırıq. 3.50 manata alınan pomidoru isə 4 manata satırıq. Zirə pomidoru bir az ondan ucuzdur 2.70 manata alınıb 3 manata satırıq. Biz bu məhsulu topdansatış yerindən alırıq. Fermerin özündən alsaq 1 manata alarıq, biz də ucuz satarıq. Ona görə bazarda meyvə-tərəvəz bahadır”.
Problemin kökündə dayanan məsələləri aydınlaşdırmaq üçün rayonlardakı fermerlərlə söhbətləşdik. Məlum oldu ki, son günlər onlar istehsal etdiyi məhsulları paytaxt bazarlarına gətirib sata bilmirlər. Bir çox hallarda isə istehsal olunan məhsullar ya maya dəyərindən aşağı satılır, ya da təyinatı üzrə istifadə olunmur. Göyçaylı fermer Azər Qasımov deyir ki, buna səbəb isə karantin rejimi qaydalarına uyğun olaraq şəxsi minik avtomobillərində kənd təsərrüfatı məhsullarının paytaxta gətirilməsinin qadağan olunmasıdır: “Bilirik ki, Bakının bazarlarında qiymətlər burdan 3-4 dəfə bahadır. Orda 7-8 manata olan göycəni bizdə fermerdən 1 manata istəyirlər. O da fermerə sərf eləmir. Bizim meyvələr mövsümü meyvələrdir, onları saxlamaq olmur. Bu həftələrdə sata bilməyəndə xarab olur gedir. Ona görə, bizim şəxsi avtomobillərdə meyvələrin daşınmasına köməklik etməyi xahiş edirəm”.
Yollarda mövcud olan hərəkət qadağası Göyçaydan Bakıya hər gün məhsul gətirib satan Murad Əhmədovun da dolanışığına mənfi təsir edib: “Yük avtomobili ilə aparıb məhsulu satmağa hamının imkanı çatmır. Biz istəyirik ki, öz şəxsi avtomobilimizdə aparıb öz məhsulumuzu sataq. Bunun üçün bizə bir az şərait yaradılsın. Ya şəxsi avtomobillərdə aparanlara arayış versin. Ya da hər hansı bir güzəştlər edilsin”.
Şəmkirli fermerlərin də min bir əziyyətlə əkib becərdikləri pomidorlar bu gün öz müştərisinin yolunu gözləyir. Fermer Nazim İbrahimov deyir ki, bir tərəfdən mövsümə uyğun olmayaraq becərdikləri məhsulun qiymətinin tez bir zamanda ucuzlaşması, digər tərəfdən isə karantin rejimi ilə əlaqədar, bazarlarda alıcılıq qabiliyyətinin aşağı düşməsi onları ziyana salıb: “Heç kim deyə bilməz ki, mən ürək açan qiymətə satmışam. Əkilən məhsulun heç 30 faizi satılmayıb. Bu gün hamının istilikxanasında 30-40 ton pomidor yığılıb satış gözləyir. Alıcı yoxdur deyə sata bilmirik. Ötən ilin bu günü ilə müqayisədə görərik ki, keçən il pomidorun yeşiyi 30 manata idisə, indi 10 manatdır”.
Digər fermer Rövşən Mustafayev də alıcı qıtlığından əziyyət çəkdiyini bildirir: “Vaxtında əkmişik vaxtında da çıxarmışıq. Amma alıcı tapa bilmirik. Karantindir deyə alıcılıq qabiliyyəti aşağıdır. Bu il qiymətlər tez düşdü aşağı. Keçən il yollar açıq idi, tələbat var idi”.
Yaranmış problemdən çıxış yolu tapmaq üçün fermerlər Kənd Təsərrüfatı Nazirliyinə müraciət edirlər. Nazirliyin şöbə müdiri Vüqar Hüseynov APA TV-yə açıqlamasında bildirdi ki, hazırda hökumətin müvafiq qərarına əsasən paytaxta şəxsi minik avtomobilində hər hansı məhsulun gətirilib satılması qadağandır. Lakin karantin rejimi olsa belə, ərzağa olan tələbat mütləq ödənilməlidir və hazırda bu təmin olunur. Buna görə də, bazarlarda məhsul qıtlığı müşahidə edilmir. Rayonlardan Bakıya məhsul gətirmək istəyən fermerlər isə bu işi xüsusi ölçülü maşınlarla təşkil edə bilərlər: “Biz fermerlərə tövsiyə elədik ki, hansı ki məhsulu az olan fermerlər bir neçə nəfər birləşib öz məhsullarını iri tutumlu yük avtomobilində (QAZEL, FORD markalı avtomobillər ola bilər) paytaxt bazarlarına gətirə bilərlər. Bu zaman ikinci bir şərtdə həmin şəxslər qarşısında qoyulmuş olur. Belə ki, avtomobildə sürücüdən başqa yalnız bir nəfər ola bilər. Yəni məhsul satmaq adı ilə 5-10 nəfərin məhsul satmağa gəlirəm adi ilə həmin avtomobillə Bakıya gəlməsi yolverilməzdir. Ən önəmli məsələ əhalinin sağlamlığının qorunmasıdır”.
O ki qaldı bazarlarda mövsümü meyvələrinin qiymətinin baha olmasına, Vüqar Hüseynov bildirdi ki, təmsil etdiyi qurum heç bir kənd təsərrüfatı məhsullunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Bazarda qiymətlər tələb-təklif əsasında formalaşır.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə hazırkı vəziyyətdə karantin qaydalarının yumuşaldılmasının müzakirə mövzusu olmadığını bildirdi.
İlahə Vəliyeva,
Əli Ələkbər
APA TV