BDU-nun professoru Nəsir Əhmədli vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.

 

Bu barədə APA-ya BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib.

 

Nəsir Əhmədli bu gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

 

O, Tovuzda dəfn olunacaq.

 

Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. O, 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Bakı Dövlət Universitetinin "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir.

 

Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Apa.tv