Belarus səfiri Gəncədə 2 müharibə veteranını medalla təltif edib
Gəncədə iki Böyük Vətən müharibəsi iştirakçısına Belarus Respublikasında təsis edilən “Yubiley medal”ı təqdim olunub.
APA TV-nin qərb bürosunun məlumatına görə, göstərdikləri şücaətə görə Əliyev Qurban Yusif oğlu və Verdiyev Bəylər Abbas oğlu təltif olunublar.
Medalları Belarusun ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Qennadi Axramoviç Böyük Vətən müharibəsi iştirakçılarının yaxınlarına təqdim edib.
Qeyd edib ki, Belarusun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə azərbaycanlı əsgərlər xüsusilə seçilib. Belarus xalqı onların xatirəsini hər zaman əziz tutur: “Bu il alman faşizmi üzərində Belarusiyanın azad olunmasının 75 illiyini qeyd edirik. Və dünyanın hər yerində bizim səfirliklər bu qələbədə iştirak edən veteranları təltif edib, onlarla görüşür. Gəncədə iki veteran qalıb.
Onlardan biri dünyasını dəyişsə də, ikincisinə bu medalı təqdim etdik. Azərbaycanda hər zaman bu müharibədə iştirak edən insanlar hörmətlə anılıb. Bu müharibədə Azərbaycandan 680 min insan iştirak edib, cəbhənin neft və digər məhsullarla təmin olunması da bu böyük qələbədə rol oynayıb. Belarusiyanın azad olunmasında məhz azərbaycanlılar böyük qəhrəmanlıqlar göstərib!”.
Xatırladaq ki, Belarusiyanın alman faşizmindən xilas edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən 7 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.