Belarus səfiri: “XXI əsrdə insanlar yatan vaxt şəhərə raket atılması yolverilməzdir”

Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Gəncəyə səfər edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, diplomat Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkib.

 

Məlumat verilib ki, sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurub:

 

Belarus Respublikasının ölkəmizdəki səfiri Gennadi Axramoviç Gəncədə gördüklərinin onu sarsıtdığını qeyd edib: “Mən Gəncəyə səfər etməyə qərar verdim. Diplomatlar burda olarkən mən xəstə idim. Gəncə və Belarus arasında həmişə yaxın və xeyirxah münasibətlər olub. Raket zərbələrinin endirildiyi yerdə gördüklərim məni sarsıtdı. . Gəncədə gördüklərim məni sarsıtdı, XXI əsrdə dinc, yatmış şəhərə raket zərbələrinin endirilməsi yolverilməzdir”.

 

Qeyd edilib ki, oktyabrın 11-də də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Oktyabrın 17-də Gəncənin mərkəzi hissəsini ikinci dəfə raket atəşinə tutması nəticəsində 15 nəfər həlak olub, 50-dən artıq şəxs yaralanıb.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv