Benzin və dizelin qalxması ilə bağlı hansı dəstək paketləri olacaq?

Tarif Şurasının qərarına əsasən, "Aİ-92" benzininin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 0,9 manatdan 1 manatadək və 0,6 manatdan 0,8 manatadək qalxıb.

 

APA TV-nin xəbərinə görə, yeni qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri ölkədə bir sıra sahələr üzrə qiymət artımının müşahidə ediləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər. Xüsusilə də yanacaqla işləyən sahələr - ictimai nəqliyyat, kənd təsərrüfatı sahələri, zavodlar və s.

 

Lakin Tarif Şurasının katibi Ceyhun Nəcəfov ölkədə dizel yanacağına olan qiymət artımının kənd təsərrüfatına, həmçinin ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə edə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlərin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, təsirin neytrallaşdırması üçün sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödənilməsi nəzərdə tutulur:

 

SİTAT "Kompensasiya mexanizminin hazırlanması üzrə artıq işlərə başlanılıb və yaxın zamanda İqtisadiyyat Nazirliyində bununla bağlı sahibkarlarla müzakirələr aparılacaq. Sahibkarlıq subyektlərinə kompensasiyanın ödənilməsi sosial həssas qrupların mənafeyinə xidmət edəcək. Belə olan halda ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq. Bu, dövlətin sosial sahədə apardığı çox mühüm tədbirlərdən biridir. dizel qiymətinin artımı kənd təsərrüfatı sahəsinə də mənfi təsir edəcəyi gözlənilmir. Belə ki, kənd təsərrüfatında fermerlərə verilən subsidiyaların məbləğinə yenidən baxılacaq”. SİTATIN SONU

 

"Aİ-92" markalı benzinin qiymət artımına gəldikdə, Ceyhun Nəcəfov deyib ki, bu növ yanacaq əsasən şəxsi minik avtomobillərində istifadə olunur və bunun da istehlak qiymətlərinə ciddi təsiri gözlənilmir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə hesab edir ki, yanacağın qiymətlərində artımlardan sonra iki sektor üzrə dəstək paketinin miqdarının artırılması gözlənilir: "İl yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Bu baxımdan təklif edirik ki, aqrar sektorda 2021-ci il üçün subsidiyaların məbləği hesablanarkən dizel yanacağındakı qiymət artımı nəzərə alınsın və qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiyaların məbləği hesablansın. Bu zaman artıq dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsirini minimumlaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun".

 

Deputat ictimai nəqliyyatda qiymətin artırılacağı ilə bağlı fikirlərə də münasibət bildirib: "Nəzərə alaq ki, artıq rəsmi açıqlamalar da yayıldı ki, ictimai nəqliyyatda qiymət artımları gözlənilmir, proqnozlaşdırılmır. Bununla bağlı rəsmi müraciət də yoxdur. Bu kontekstdən dizel yanacağının qiymət artımından yaranan fərqin ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarlar üçün dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir".

 

Vüqar Bayramov istehlak bazarında aparılan monitorinqlərin sayının artırılmasını təklif edərək bildirib ki, monitorinqlər hansı məhsulların xərclərinin qiymət artımına təsir edib-etmədiyini müəyyənləşdirmək üçün vacibdir. Bu da bazarda psixoloji səbəbdən yarana biləcək süni qiymət artımlarının qarşısını ala bilər.

 

Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, hazırda benzin və dizel yanacağının pərakəndə qiymətlərində demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahidə edilir. Hələ 2020-ci ildə bəzi ölkələrdə belə artım müşahidə edilməyə başlayıb və çevik iqtisadi üsullarla artım dinamikası müəyyənləşdirilərək dərhal istehlak bazarında öz əksini tapıb: “Məsələn, biz 2019-2020-ci illərdə Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Almaniya və s. kimi ölkələrdə müvafiq olaraq benzin və dizel yanacağının qiymətində 4 faizdən 32 faizədək artım müşahidə etdik. Bütövlükdə isə Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Lakin bu dövr ərzində Azərbaycanda dövlətin həyata keçirdiyi xüsusi sosial və tarif siyasəti sayəsində qiymət bazarı sabit olaraq qaldı.  Belə ki, ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılmışdı. Ancaq ötən dövr ərzində respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib, 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.

 

Deputat qeyd edib ki, eyni zamanda 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib: “Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Bu  iki sosial paket ümumilikdə 4,2 mln. nəfəri əhatə edib ki, bu da əhalimizin 42 faizi deməkdir. Paketlərin maliyyə həcmi isə 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib. Göründüyü kimi bütün bunlar ümumi iqtisadi münasibətlər və real maliyyə münasibətləri kontekstində obyektiv qiymətləndirmə tələb edir. Ancaq buna baxmayaraq hazırda tətbiq edilən qiymət artımı digər sahələrdə qiymət artmına səbəb olmayacaq.

 

Deputat onu da deyib ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq.

 

İlahə Vəliyeva APA TV

Müəllif | Apa.Tv
Apa.tv