Bərbərxana və gözəllik salonlarına getmək üçün icazəni necə alacağıq?
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda bərbərxana, gözəllik salonlarının fəaliyyətinə icazə verilir. Lakin evdən çıxmaqla bağlı "SMS icazə" sistemi sözügedən ərazilər üzrə hələ də qüvvədədir.
Bəs gözəllik salonlarının və bərbərxanaların xidmətindən yararlanmaq istəyən müştərilər bu icazəni hansı yolla əldə edə bilərlər?
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev APA TV-yə açıqlamasında bildirib ki, vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, gözəllik salonları, kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlər və bərbərxanalara getmək üçün 2-ci indeks üzrə icazə alacaqlar.
Elnur Niftəliyev onu da əlavə etdi ki, 2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 3 saat müddətinə gündə 1 dəfə verilir. Beləliklə də vətəndaşlar bu xidmətdən asanlıqla yararlana bilərlər.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı "SMS icazə" sistemində yer alan 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir).
3 rəqəmi isə yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün istifadə edilə bilər.
İlahə Vəliyeva
APA TV