Bərdədə erməni terrorunun qurbanları anılıb

28 oktyabr Vətən müharibəsinin 31-ci günü Ermənistan ordusunun Bərdə rayonunu kütləvi qırğın məqsədli, yaşayış məntəqələrinə atılması qadağan olunan smerç tipli raketlərdən atəşə tutması nəticəsində həlak olanların anım mərasimi keçirilib. Terror aktı baş verən ərazidə, Bərdə şəhəri, Bakı küçəsində qurulmuş xatirə lövhəsinin qarşısında təşkil olunan mərasimdə rayon rəsmiləri, Bərdə sakinləri ilə yanaşı ölkənin müxtəlif bölgələrindən gələn insanlar iştirak edib. İzdihamla müşayiət olunan mərasimdə şəhidlər, o cümlədən terror qurbanları bir dəqiqəlik sükutla anılıb. Abidə lövhəsi üzərinə gül dəstələri düzülüb.
 

-2020-ci ilin oktyabrının 28-i bizim üçün ən ağır günlərdən biri oldu. Oğlum Cəfərov Amil iş başında erməni terrorunun qurbanı olmuşdu. Allah bütün Şəhidlərə rəhmət eləsin, yerləri cənnət olsun.

 

- Həm şəhid qızıyam, həm şəhid bacısı. Qardaşım burda 28 oktyabrda 2020-ci ildə Bərdəyə atılan raketin qurbanı olmuşdur. Burda ilk şəhid olan mənim qardaşımdır. Mən hadisə vaxtı öz yaşadığımız evdə idim. Qardaşım burda olduğu üçün qardaşımdan zəng gəlmədi, bildim ki, onun başında nə isə hadisə var. Gəldik bura gördük ki, qardaşım burda yoxdur. İlk yaralı olduğu üçün götürülmüşdü. Biz də yaxınlaşdıq xəstəxanaya artıq çox gec idi.

 

- Mənim atamdı, 28 oktyabr ermənilərin Bərdədə törətdiyi terror nəticəsində həlak olub. Və beş ildir, qızıl aypara könüllülərindən olub. Hazırda mən də onun yolunu davam elətdirirəm, qızıl aypara könüllüsüyəm. Mən fəxr edirəm ki, atamın yolunu davam elətdirirəm və fəxr edirəm ki, şəhid oğluyam.

Çıxış edən dövlət rəsmiləri, Milli Məclisin üzvləri və digər şəxslər Bərdə terrorunu törədən düşmən bölmələrinin müzəffər ordumuz tərəfindən dərhal məhv edildiyini, qanı tökülən hər bir vətəndaşımızın qisasının alındığını vurğulayıblar. Həmçinin Azərbaycan dövlətinin 44 günlük vətən müharibəsi zamanı apardığı uğurlu əməliyyatdan, ölkəmizin qazandığı şanlı zəfərdən söhbət açılıb. Hadisə şahidləri və zərərçəkənlər həmin dəhşətli gündən qalan acı xatirələrini və qələbəmizdən duyduqları fərəh hissini jurnalistlərlə bölüşüb.

- Darvazasının ağzına çıxıb. Yaralılara kömək fikri ilə irəli durub. Bir oğlanın başın qucaqlayanda qanın içində ikinci dəfə də düşüb elə orda özü də qanına qəltan olub. İki dənə balası qalıb erməni quldurları onlara ad qoymaq mümkün deyil. Bizim cavanlarımızı, uşaqlarımızı, gəlinlərimizi, qızlarımızı, yetim qoydular. Uşaqlar, analar getdi. Atalar getdi.

 

- Atası Allahverdiyev Əsgər, mülki şəhiddir. İşlədiyi yerdə erməni terroruna tuş gəldi. Burda qəssab idi, çörək dalınca getmişdi. Neçə yaşı vardı? 37. Bir ildir gözümüz yollarında qalıb. Yoxdur. Erməninin Allah bəlasını versin, balaları atasız qoydu.  

 

Sevinc  həmin  gün anasını itirib. Küçədən gələn qışqırıq səsinə evindən çıxıb və kasetli raketin qəlpələri onun ölümünə səbəb olub. Sevincin azyaşlı oğlu həmin gün şəhid olan 51 yaşlı nənəsi  Mustafayeva Leyla Əmir qızını hələ də axtarır. Çünki o, nənəsini öz doğma anası bilirmiş.

 

- Anamın mərmilər kürəyindən girib ürəyindən çıxmışdı həmin dəqiqə ölmüşdü. Atamla anam Əlişi qəyyumluğa götürmüşdülər. Biz Əlişi bir ilə yaxındır ki, psixoloqa aparırıq. O əvvəllər mənə bacı deyirdi. İndi 2-3 ay olar ki, ana deyir. Mənim anam haradan əməliyyat olmuşdasa ürəyindən əməliyyat elətdirmişdik.  Qəlpə elə həmin əməliyyat olan yerdən dəymişdi. Deşik-deşik eləmişdi. Bu məni çox yandırır. Kaş ki, elə olmayaydı.

 

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan Silahlı Qüvvələri Bərdə şəhərinə atdığı Smerç tipli roketlər nəticəsində 21 nəfər həlak olub, 71 nəfər müxtəlif xəsarətlər alıb, 30 mülkü infrastruktura zərər dəyib, 20-dən çox fərdi yaşayış evi dağılıb, 22 avtomobil yarasız hala düşüb.



Habil Aslan oğlu, Arzu Quliyev, APA TV – Bərdə
 

 

Müəllif | Apa.Tv
Apa.tv