Bərdədə erməni təxribatı nəticəsində həlak olan şəxslər dəfn olunub

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olan dinc sakinlər dəfn olunub.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, dəfn mərasimində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Erməni terroru nəticəsində həlak olan dinc sakinlərdən biridə 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır. Həyətlərində bacısı ilə oynayarkən ermənilərin atdığı kaset tipli raket mərmiləri nəticəsində həlak olan körpənin ölümü təkcə ailəsinin, qohumlarının deyil, hər kəsin, hətta müəllimi Mayisə Quliyevanın da ürəyini ağrıdır: “Hadisə kənddə dünən baş verdi. Aysu ilə bərabər digər 3 nəfərdə həlak oldu. Amma bunların içərisində ən faciəlisi Aysudur.  Çünki Aysu günahsız körpədir. Aysunun heç bir günahı yoxdur. Allah bəlaların versin. Ali Baş Komandanımızın, Ordumuzun köməyi ilə bu qara buludlar üstümüzdən götürüləcək.  Allah hamısının köməyi olsun”.

 

Müəllimi Mayisə Quliyeva Aysunu dərin kədər hissi ilə xatırlayaraq onun çox ağıllı, tərbiyəli uşaq olduğunu deyir, yoxluğu ilə barışmaq istəmir: “Aysu sakit, mehriban, çılğın , uşaqlarla mehriban rəftar eliyən... Onun nə kitabı açılmadı, onun nə təzə paltarları  geyinilmədi. Məktəbin şagirdi mənim öz balamdı. Yeri cənnət olsun balaca körpənin”.

 

Digər müəllimi Olqa Cəfərova da mülki əhaliyə qarşı belə terroru pisləyir: “Erməni terrorunu sözlə demək olmaz. Əgər körpə uşağa, körpə fidana qıyırlarsa bunlar, görün bunlar nədir. Bu insanlığın artıq son həddidir. Ancaq yenə də biz Müzəffər Ordumuza inanırıq. Ali Baş Komandanımızın arxasında durmuşuq. İnanırıq ki, bu qan yerdə qalmayacaq”.

 

Qeyd edək ki, ötən gün saat 16 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 13 nəfər isə xəsarət alıb.

Müəllif | Apa.Tv
Apa.tv