Bərdədə erməni təxribatı nəticəsində ölənlər arasında FHN-in əməkdaşı da var

Ermənilərin Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində  21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Həmçinin şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Rayon sakini İlyas Əhmədov deyir ki, Ordumuz qarşısında duruş gətirə bilməyən düşmən belə təxribatlara əl atır: “Nə qədər ki, bizim Ali Baş Komandanımız var biz onun arxasınca irəliləyib onları məhv edəcəyik. Bizi heç bir vaxt belə şeylər sındırmaz. Qarşımızdakı düşmənlər əyilibdir. Onlar bilmir nə iş görə. Məcbur qalıb dinc əhalini narahat edirlər. Onlar belə də məğlub olacaq, belə də məğlub olacaq”.

 

Vidadi Məhərrəmov da uşaqların hədəf alınmasını qətiyyətlə pisləyir: “Bizim orduya gücü çatmır, dinc əhalini hədəf alıblar. Bunların əgər bir qeyrətləri olsa,  bunların bir namusları olsa bu gördüyünüz kimi hamısı dinc əhalidir, körpə uşaqlardır. Axşam gördüyünüz kimi bir dənə balaca azyaşlını öldürüblər. Vallah bu heç yerdə görünməyən şeydir. STIK: Tezliklə bizim ordumuz bu qisası alacaqdır.

 

Kamil Əhmədovun isə obyektinə ziyan dəyib: “Bağlamışdıq, yas yeri vardı ora getmişdik bu günləri. Elə qismət gördüyünüz kimi nə günə qoyubdur. Uşaqları zadı, camaatı burda. Allah onlara lənət eləsin”.

 

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin atəşə tutulması ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilir ki, mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olub, bir əməkdaşı isə ağır yaralanıb.

 

Bundan başqa, düşmən təxribatı nəticəsində çoxsaylı avtomobil də yararsız vəziyyətə düşüb.  

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

 

Xarici İşlər Nazirliyi də düşmən təxribatı ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir.

 

Azərbaycan bu qeyri-insani hərəkətlərə görə cavabdeh olan şəxslərin ədalətdən yayınmaması və məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcək”.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv