Bərdədə terror qurbanlarının xatirəsi anılıb

Bu gün Ermənistanın döyüş bölgəsindən aralıda yerləşən və mülki əhalinin sıx yaşadığı  Bərdə şəhərini bambardman etməsindən 2 il ötür.

APA TV xəbər verir ki, düşmənin Bərdə şəhərini istifadəsi qadağan olunmuş raketlərlə atəşə tutması nəticəsində 20 nəfər mülkü şəxs həyatını itirib. 70 nəfərədək insan isə yaralanıb. Bu münasibətlə insanların həlak olduğu həmin küçədə mərasim təşkil olunub.

Erməni vəhşiliyinin qurbanlarından biri də 29 yaşlı Vasif İsmayıllı olub. Mülki şəhidin anası Arzu xanım deyir ki, həyat yoldaşı da Birinci Qarabağ müharibəsi zamanı ermənilərin Ağdamı atəşə tutması nəticəsində 29 yaşında şəhid olub.

Ermənilərin atdığı raketin partlaması nəticəsində maşında içində yanaraq ölən Məhərrəm Mustafayevin həyat yoldaşı da mərasimdə iştirak edib. Səbinə xanım deyir ki, 2 il ötməsinə baxmayaraq həmin anları unuda bilmir.

Qeyd edək ki, Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv