Bərdənin mal bazarında bayram alveri: Bu adamlar niyə əliboş dönür?

Ət xörəkləri bayram süfrələrimizin “olmazsa olmaz”ıdır. Buna görə də bayram günlərində digər günlərlə müqayisədə ət məhsullarına təlabat daha da çoxalır. Buna görə də heyvandarlıqla məşğul olan fermerlərin çoxu bayram bazarlığının başlayacağı günü iplə çəkirlər. Çalışırlar ki, mal-qaralarını baha sata bilsinlər. Təbii, qəssablar da bu bir neçə gündə daha çox qazanmaq istəyirlər.

Bu səbəbdən də çox vaxt alıcılar bazardakı qiymətin yüksəkliyindən, satıcılar isə alıcıların azlığından və ya ətin ucuzluğundan şikayətlənirlər.

Bütün bunlara rəğmən, bu bayram ərəfəsində bazarda heyvan bolluğu müşahidə olunur.

 

Bərdə ərazisində yerləşən mal bazarı ölkənin ən iri mal bazarlarından biridir. Bəlkə də birincisidir. Bazarda alver cümə axşamı gecə saatlarından başlayır. 14 rayondan fermerlər bu bazara satmaq üçün heyvan gətirirlər. Ölkənin ən böyük şəhərlərindən də alıcılar gəlir. Nəticədə alan ucuz almağa, satan baha satmağa çalışır.

 

Bayram bazarı ərəfəsindən baytarlıq və qida təhlükəsizliyi qurumları da nəzarəti gücləndirib. Çünki bu ərəfədə bazara yerli heyvanlarla yanaşı, xarici bazarlardan da iribuynuzlu heyvanların gətirilmə ehtimalı var. Bazara xəstə heyvan daxil olarsa, bunun fəsadları çox ağır ola bilər.

 

 

Gecə saatlarında başlayan bazar səhəri gün günorta saatlarınadək davam edir. Günün sonunda məyus olanlar isə bazarın nəbzini tuta bilməyənlər olur. İstər alan, istərsə də satan qarşısındakı ilə dil tapa bilməsə, evə əliboş dönəcək.

 

Habil Aslanoğlu Ziya İsmayılov  APATV Bərdə

 

Müəllif | Apa.Tv
Apa.tv