Beşmərtəbəli binanın damı avtomobilin üstünə düşdü - ŞAMAXIDA GÜCLÜ KÜLƏK
Şamaxıda külək bir sıra fəsadlar törədib. APA TV-nin yerli bürosunun xəbərinə görə, güclü külək bir neçə binanın və fərdi yaşayış evlərinin dam örtüyünü yararsız vəziyyətə salıb. Beşmərtəbəli binanın dam örtüyü uçaraq avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib. Bundan başqa, telefon və elektrik naqilləri qırılıb, rayon mərkəzinin bir hissəsinə və bəzi kəndlərə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub. Fəsadlar aradan qaldırılıb. Təkrar yaşana biləcək təhlükə nəzərə alınaraq aidiyyəti qurumlar təhlükəsizlik tədbirləri görüb. Küləyin rayona vurduğu ziyanın miqyası araşdırılır. Hazırda küləkli hava şəraiti davam edir.