Bəstəkarlar İttifaqında Qara Qarayevin doğum günü qeyd olunub
Dahi bəstəkar, SSRİ və Azərbaycanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Qara Qarayevin musiqisi bu dəfə Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) səsləndirildi.
APA TV-nin xəbərinə görə, bəstəkarın anadan olmasının 102-ci ilinə həsr edilən konfransda onun tələbələri ilə yanaşı, dostları və yaxınları da iştirak edirdi.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək əvvəlcə Fəxri Xiyabanda dahi bəstəkarın məzarının ziyarət edildiyini bildirib: "Sonra Qara Qarayevin Ev Muzeyində olduq və onun xatirəsini bir daha yad etdik. Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Bu o demək deyil ki, biz dahi bəstəkarı yalnız fevralın 5-i - anadan olduğu gün və mayın 13-ü - vəfatı günü yad edirik. Xeyr, o, bizim qəlbimizdə hər zaman yaşayır. Qara Qarayev musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində səsləndirilir".
Sonra əməkdar incəsənət xadimi Zemfira Qafarova "Qara Qarayev haqqında nəşr olunan yeni kitablar" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan musiqişünasları dahi bəstəkarın yaradıcılığına hər zaman maraq göstərib, onun yaradıcılığına dəfələrlə müraciət edib, onun haqqında monoqrafiya və dissertasiyalar yazıblar. Bunun nəticəsidir ki, Azərbaycan musiqişünaslığında Qarayevşünaslıq adlı bir qol yaranıb.
Konfrans "Qara Qarayevin estetik baxışları", "Xatirələrlə yaşayan dahi sənətkar", "Qara Qarayevin pedaqoji prinsipləri" mövzusunda çıxışlarla davam edib.
Daha sonra xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın "Gürcüstan təpələrində" və "Mən sizi sevirdim" romansları dinlənilib, piano üçün sonatası səsləndirilib.