Beyləqanda evini tərk edən “COVID-19” xəstəsi geri qaytarılıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı tədbirlər davam etdirilir.

 

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Bəhruz Babayev karantin qaydalarına zidd davranaraq şəhər ərazisində olduğu zaman müəyyən edilərək saxlanılıb.

 

O, polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana geri qaytarılıb. Həmin şəxslə profilaktik söhbət aparılıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi diqqətinə çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv