Beyləqanda iki şəhid ailəsinin evi yanıb

APA TV-nin Qarabağ bürosunun verdiyi məlumata görə, evi yanan qonşulardan biri ağır yanıq xəsarətləri alıb. Hadisə Beyləqanın Yuxarı Aran kəndində qeydə alınıb. Yanğın ilk öncə Əliyev Arzuman Tanrıverdi oğlunun evində baş verib.

 

Yanğın baş verən zaman evdə yaşlı qadın və az yaşlı uşaq olduğundan alovun qarşısını almaq mümkün olmayıb. Alov qısa müddətdə geniş vüsət alıb və qonşu evə keçib.

 

Qonşu ev isə şəhid Ulduz Səfərovun evi olub. Hadisə zamanı mənzillərlə  bərabər hər iki evin bütün əşyaları yanaraq məhv olub.

Eyni zamanda hadisə zamanı mənzildə qalan az yaşlı uşağı xilas edən 75 yaşlı Yaxşı Əliyeva ağır yanıq xəsarəti alıb. Hazırda Bakı şəhərində müalicəsi davam edir. Digər evdə isə Səfərov Rahib Meyxuş oğlu psixoloji travma alıb. Hər iki ailə üzvlərinin sözlərinə görə məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət ediblər. İcra hakimiyyətindən bildirilib ki, hər iki ev sığorta olmadığı üçün heç bir yardım göstərilməsi mümkün deyil.

Habil Aslanoğlu,  Ziya İsmaylov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv