Beynəlxalq müşahidəçi: “Soyuq hava şəraitinə baxmayaraq, seçicilər aktivlik nümayiş etdirir”

Beynəlxalq müşahidəçilər Qubada da seçki prosesini izləyirlər. 

 

APA TV-nin məlumatına görə, Buxara Yəhudiləri Konqresinin ABŞ-Kanada üzrə koordinatoru Rafael Nektal jurnalistlərə açıqlamasında ilk dəfədir ki, Azərbaycanda beynəlxalq müşahidəçi kimi seçkiləri izlədiyini bildirib: “Biz Bakıda məntəqələrdə olub, seçkiyə hazırlıq prosesi ilə maraqlanmışıq. Qeyd edim ki, olduğumuz məntəqələr seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün tam hazır vəziyyətdə idi. Bu gün isə xüsusi olaraq Qubaya gəldik ki, tək paytaxtda yox, həm də bölgələrdə seçkinin təşkili ilə yerində tanış olaq”.

 

O, Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşdığını qeyd edib: “Mənim çox xoşuma gəldi ki, belə soyuq hava şəraitinə baxmayaraq, seçicilər məntəqələrə gəlib səs verirlər. Seçkiyə gələn sadə vətəndaşlarla söhbətləşdim. Burada insanlar öz  vətəndaşlıq məsuliyyətini anlayırlar. Bilirlər ki, ölkənin gələcəyi onların səsverməsindən asılıdır. Söhbət etdiyim vətəndaşlar ölkə başçısı İlham Əliyevə və onun yürütdüyü siyasətə çox inamla yanaşırlar. Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb”.

 

Qubada seçkiləri izləyən beynəlxalq müşahidəçi Julius Lajtha da müşahidələr zamanı qayda pozuntularına rast gəlmədiyini bildirib: “Bu, bizim müşahidə etdiyimiz ikinci səsvermə məntəqəsidir. Biz adətən bülleten sayını, qutuların boş olub-olmadığını, səsvermə məntəqəsində reklam plakatlarının qalıb-qalmadığını yoxlayırıq. Bu vaxta qədər heç bir problem aşkarlamamışıq. Qaydalara riayət olunur”.

 

Digər beynəlxalq müşahidəçi Banks Peter Douglas isə qeyd edib ki, seçkilər azad şəkildə keçirilir: “Azərbaycanda olmaq bizim üçün xoş idi. Hər şey bizim görmək istədiyimiz kimidir. Seçkilər azad şəkildə keçirilir və biz səsvermə məntəqələrində hər hansı ədalətsizliyi görə bilmədik”.

 

MDB Müşahidə Missiyasının üzvləri Zumrud Buşaeva və Maqomedxan Aratcilov da Qubada bir neçə seçki məntəqəsində müşahidə aparıblar. Maqomedxan Aratcilov bildirib ki, Azərbaycan xalqı öz seçimini edəcək. O, heç bir qayda pozuntusu qeydə almadıqlarını və seçici aktivliyinin müşahidə olunduğunu bildirib. 

 

Zumrud Buşaeva da seçki prosesinin beynəlxalq qanunvericiliyin tələblərinə və qaydalara uyğun keçirildiyini vurğulayıb.   

Müəllif | Apa.Tv
Apa.tv