Beynəlxalq müşahidəçilər: “Şirvanda heç bir qayda pozuntusuna rast gəlməmişik”

 

Şirvanda seçki prosesini izləyən MDB və Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri bu saata qədər heç bir qayda pozuntusunun aşkar olunmadığını bildiriblər.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, MDB-nin 2, Şanxay Əməkdaşlıq Təşkilatının isə 3 nümayəndəsi Şirvanda seçki prosesini izləyir.

Beynəlxalq müşahidəçilərin sözlərinə görə, səhər saatlarından başlayaraq Şirvan seçki dairəsinin 5 məntəqəsində müşahidə aparıblar: “Seçkilər qanunvericiliyin tələblərinə uyğun aparılır. Seçicilər gizli səsvermə qaydalarına uyğun bülletenləri alaraq səs verirlər. Biz bu parlamentə Azərbaycanın çiçəklənməsində öz rolunu uğurla həyata keçirməsini arzulayırıq. Bu dəqiqəyə qədər heç bir qayda pozuntusuna rast gəlməmişik”. “Seçkilər yüksək səviyyədə təşkil olunub. Çox sayda seçicinin səs verdiyini müşahidə edirik. Qeydlər aparırıq və hələlik heç bir pozuntu qeydə alınmayıb. Biz seçki məntəqələri bağlanan anda da müşahidələr aparacağıq. Şirvandan sonra biz Salyan və Neftçala ərazilərində yerləşən seçki dairələrinə də baş çəkərək müşahidə aparacağıq. Axşam isə Şirvanda 8 saylı məntəqədə bülletenlərin sayılmasını izləyəcəyik”.

Qeyd edək ki, ərazidə ATƏT-in nümayəndələri də müşahidələr aparırlar.

Müəllif | Apa.Tv
Apa.tv