Beynəlxalq Qırmızı Xaç Komitəsi bitərəfdir, yoxsa birtərəf?

 

 Bu gün Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü və ya Beynəlxalq İtkinlər Günüdür. İtkin düşmüş şəxslər problemi Azərbaycanda da aktual məsələdir. Erməni terroru nəticəsində 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyi bugünədək bilinmir. Azərbaycan cəmiyyətinin itkin düşmüş şəxslərlə bağlı BQXK-dən gözləntisi çox olsa da, hələ də bu istiqamətdə əsaslı işlər görülmür. Hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyir ki, Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş hərəkətlərə yol verilib, onlar şiddətə, işgəncələrə məruz qalıblar. Buna baxmayaraq, Qırmızı Xaç Komitəsinin bu istiqamətdə fəaliyyəti heç vaxt ürəkaçan olmayıb. Millət Vəkili Bəhruz Məhərrəmov bildirir ki, Dörd minə yaxın azərbaycanlının taleyi barədə hələ də heç bir məlumatın olmaması Ermənistanın 30 ildən artıq davam edən çoxsaylı müharibə cinayətləri sırasında xüsusi yer tutur. Millət vəkili həmçinin bildirir ki, məsələ ilə məşğul olmalı olan beynəlxalq təşkilatlar bu gün Ermənistanın ortağı kimi davranırlar. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb. Ombudsmanın hesabatında bugünədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində bir neçə kütləvi məzarlıq aşkarlanması və tapılan qalıqların eyniləşdirilməsi aparılaraq onların itkin düşmüş azərbaycanlılara məxsus olması fakti da qeyd olunub. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir. Ləman Salehova

Müəllif | Apa.Tv
Apa.tv