Beynəlxalq səyahətçilər Ağdamda və Şuşada olub, dağıntılara baxış keçirib
Beynəlxalq səyahətçilər Ağdamda olub.
APA TV-nin xəbərinə görə, kommersiya təyinatlı sınaq uçuşu ilə Füzuli Beynəlxalq Aeroportuna gələn beynəlxalq səyahətçilər Ağdamda olub. Ağdam-Bərdə yolunda minatəmizləmə işləri ilə tanış olan qonaqlar daha sonra Pənahəli xanın İmarət kopleksi ilə tanış olublar.
30 nəfərdən çox beynəlxalq səyahətçi 28 il ərzində xarabalığa çevrilmiş Ağdam şəhərində dağıntıları öz gözləri ilə görüblər.
Qonaqlara məlumat verilib ki, hazırda Ağdamın işğaldan azad olan ərazisində yenidənqurma işlərinə başlanıb. Dəmir yolu, avtomobil yolu və elektrik xətti çəkilir. Artıq mülki obyektlərin inşasına da başlanılıb. Layihələndirmə mərhələsi yekunlaşmaqdadır. Bütün bu işlərin sürətlə aparılmasına yeganə maneə ərazilərin ermənilər tərəfindən minalanmasıdır.
Ağdama səfəri başa çatan səyahətçilər Şuşa şəhərinə baş çəkib.
Dünya şöhrətli beynəlxalq səyyahlar əvvəlcə Yuxarı Gövhər ağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Daha sonra qonaqlar qala divarları ilə tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.