“Beynəlxalq təşkilatlar Naxçıvanın 30 ildir blokada qalmasından niyə danışmır?”

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub. Hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzələr aparılıb. Hesabatda qeyd olunub ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistan hökumətinin erməni xalqına qarşı anti-demokratik, qeyri-insani münasibətləri görməzlikdən gəlinir.

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu onu da bildirib ki, Laçın-Xankəndi yolunda uzun müddətdir ekoloji terrora qarşı aksiya keçirilir. Amma beynəlxalq təşkilatların heç biri buna reaksiya vermir. O əlavə edib ki, Naxçıvan blokada şəraitindədir, Zəngəzur dəhlizinin açılmasına həm Ermənistan, həm də İran qarşı çıxır.

 

Novella Cəfəroğlu onu da bildirib ki, Azərbaycanda da insan hüquqlarının pozulması faktları da var, amma ildə ən azı iki əfv və amnistiya olur, amma Ermənistanda bu hal yoxdur. O əlavə edib ki, Paşinyan hakimiyyəti dönəmində Ermənistanın söz və toplaşma azadlığına basqılar artıb və bu da demokratik prinsiplərin pozulmasıdır. Hüquq müdafiəçiləri onu da vurğulayıb ki, Fransanın dəstəyi ilə Ermənistan bölgənin demokratik ölkəsi kimi təbliğ edilir, amma heç yerdə bu ölkədə jurnalistlərin daha çox təzyiqlərə məruz qalmaları ilə bağlı məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv