Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrlik Azərbaycana keçib
Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan Təhsil nazirinin müavini Kanat Sarsembayev, Qırğızıstan Təhsil nazirinin müavini Jarpakul Taşiyev, Türkiyə Milli Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev və başqa qonaqlar iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qısa müddət ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini dərinləşdirdiyini bildirib:“Bildiyiniz kimi, Türk Dövlətləri Əməkdaşlıq Şurası platforması çərçivəsində Beynəlxalq Türk Akademiyası fəaliyyət göstərir. Bu gün Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 3-cü iclası və toplantısı keçiriləcək. Beynəlxalq Türk Akademiyası nizamnaməsinə əsasən, hər il bir ölkə bu toplantıya rəhbərlik etməlidir. Ötən il Şuraya Qırğızıstan rəhbərlik edirdi, bu gün isə rəhbərlik Azərbaycana keçəcək”.
Nazir Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib, yaralılara isə tezliklə sağalaraq həyata davam etmələrini arzulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli isə çıxışı zamanı rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin ötən il kifayət qədər uğurlu olduğunu diqqətə çatdırıb.
İclas 2020-ci il üzrə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycan Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə və Qırğızıstan təhsil nazirinin müavini Japrakul Taşiyevin Ceyhun Bayramova qırğız mədəniyyətinə aid hədiyyəsinin təqdim olunması ilə yekunlaşıb.