Beynəlxalq Türk Akademiyasının Prezidenti Gəncəyə səfər edib
Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdıralinin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, nümayəndə heyəti Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub:
Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdıralin erməni terrorunu pislədiklərini bildirib: "Gəncədə ermənilərin raket atışı nəticəsində xeyli mülki şəxs həlak olub. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Biz beynəlxalq təşkilat kimi bunu qınadıq, bəyanat verdik. İndi isə özüm gəlib ziyarət etdim, Azərbaycanın yanında olduğumuzu bir daha çatdırmaq istədim. Gəncə mədəniyyət, ədəbiyyat şəhəridir”.
Nümayəndə heyətinə məlumat verilib ki, oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Nəticədə 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.
Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüb, dualar oxuyublar.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV