Biləsuvar sakini 10 kiloqram narkotik vasitə və psixotrop maddə ilə tutuldu
Biləsuvar sakinindən 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Əsgərabad kənd sakini Musa Rəmiyev saxlanılıb.
Onun özünə məxsus müxtəlif növ narkotik vasitə, psixotrop və güclü təsirli maddələri saxladığı idman çantası rayonun Yuxarı Ağalı kəndi ərazisində gizlətdiyi yerdən aşkar edilib. Həmin idman çantasından ayrı-ayrı bükümlərdə ümumilikdə 7 kiloqram 637 qram tiryək, 284 qram heroin, 74 qram qurudulmuş marixuana, 2 kiloqramdan artıq metamfetamin və tərkibində güclü təsiredici maddələr olan 90 ədəd “Gabaprel 300” preparatları aşkar edilərək götürülüb.
Musa Rəmiyevin narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri İran İslam Respublikasından qanunsuz olaraq əldə etdiyi və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV