Biləsuvar sakini Şirvanda külli miqdarda narkotiklə saxlanılıb
Biləsuvar sakini Şirvanda külli miqdarda narkotiklə saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər polis şöbəsi (ŞPŞ) tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 2,7 kiloqram narkotik vasitələr olan tiryək və heroin dövriyyədən çıxarılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində Biləsuvar rayonunun Günəşli kənd sakini, 23 yaşlı Tahirli Əli Eldar oğlu avtobus dayanacağının arxasından içərisində narkotik vasitələr olan zənbili özü ilə götürüb oradan uzaqlaşan zaman polis tərəfindən saxlanılıb.
Şirvan RPŞ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar sakini, Tahirli Əli Eldar oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil omuş məlumat əsasında Əli Tahirli Şirvan şəhəri H.Əliyev prospektində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1,450 kq narkotik vasitə olan tiryək və 1,230 kq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Ə.Tahirli öz izahatında qeyd edib ki, o narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının telefonla tapşırığı əsasında gizli saxlanc yerindən götürərək Bakı şəhərinə çatdımalı idi. Lakin onun bu niyyəti baş tutmayıb və polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.