Binalara istilik verilməsinin müddəti uzadıldı

Baş nazir Əli Əsədovun tapşırığına əsasən, istilik mövsümü uzadılıb.

 

Bu barədə APA TV-yə açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev bildirib.

 

O qeyd edib ki, Baş nazirin tapşırığına əsasən, yaşayış binaları aprelin 25-nə qədər istiliklə təmin olunacaq.

 

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən insanlar evdə olduğu üçün bu tapşırıq verilib. Hava hazırda o qədər də isti olmadığından temperatur rejimini tənzimləmək və insanların rahatlığı üçün binaların istiliklə təmin olunmasının aprelin 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib" - deyə İlham Mirzəliyev bildirib.

 

Qeyd edək ki, istilik mövsümü aprelin 15-də başa çatırdı. 

 

Müəllif | Apa.Tv
Apa.tv