Bir ailədə molokan, ləzgi, Azərbaycan türkü - İsmayıllının “kolxoz”unda yeni il bayramı
Bu yer çoxlarına sovet dövrünü xatırladır. İsamayıllıda yerləşən kəndin əsrlərdir davam edən adət ənənələri və həyat tərzi onu Azərbaycanın digər yerlərindən fərqləndirir. Ana yurdumuzun kiçik bir parçasıdır bu kənd. Amma özündə böyük bir tarixi yaşadır. Bu kənd xalqımızın tolerantlığını və multi-kultral dəyərlərə sadiqliyini özündə əks etdirir. Yolu gəldikcə ucsuz-bucaqsız əkin sahələri, fərqli evlər və uzaqdan görünən kolxoz tikililəri insanı keçmiş dövrə aparır. Kənddə fərdi təsərrüfat yoxdur. İnsanlar kollektiv əməyə üstünlük verir. Burada ancaq üzümçülük, əkinçilik və heyvandarlıqla məşğul olan insanlar öz mədəniyyətlərini qoruyub saxlayıblar. Hər yerdə olduğu kimi bu kənddə də Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il özünəməxsus şəkildə qeyd olunur. Əslində, kənd sakinləri deyir ki, bizim azərbaycanlılardan heç bir fərqimiz yoxdur. Biz də ailələrimizlə birgə toplaşır, bayram süfrəsi açaraq, yeni ili qeyd edirik. Elə ailələr var ki, gəlini Azərbaycan türküdür, elələri də var ki, kürəkənləri molakandır. Hamı birgə iki xalqın dəyərlərinə və mədəniyyətinə uyğun yeni ili qeyd edir.
Yeni ilə az vaxt qalmasına baxmayaraq kənddə hamının kolxozda iş başında olduğunu gördük. Küçələrdə az insana rast gəlinir. Amma buna baxmayaraq, kənd sakinləri öz hazırlıqlarını etdiklərini bildirdilər.
Biz də öz növbəmizdə həmvətənlərimizi təbrik edir, yeni ilin xalqımıza daha böyük uğurlar gətirməsini diləyirik.