Bir aydan sonra ilk - BƏRBƏRXANA VƏ GÖZƏLLİK SALONLARI FƏALİYYƏTƏ BAŞLADI

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyətin bərpa olunması ilə bu sahədə xeyli canlanma müşahidə olunur. Təbii ki, bu qərara ən çox sevinənlər isə bərbərxana və gözəllik salonları işlədən kiçik sahibkarlardır:

 

Bərbər işləyən Vüsal Məmmədov işə başladığı ilk gündə müştərilərin az olmadığını deyir: “Hələ ki, yaxşıdır. Bu gündən başlamışıq işləməyə. Hələ ki, müştəri tələbatı pis deyil. İndiyə kimi 4-5 müştərini yola salmışıq”.

 

Səxavət Ələkbərov da salonların açılmasını çoxdan gözlədiyini bildirir: “Bu qərarı çox gözəl qiymətləndiririk. 1 ay idi ki, evdə oturmuşduq. Dolanmaq olmurdu. Allah canlarını sağ eləsin ki, bərbərxanaları açdılar. Biz də bu gündən işimizə başladıq. Hələ ki, birinci müştəridir bu. İndi siftə edirəm”.

 

Bərbərlər kimi müştərilər də Operativ Qərargahın son addımından məmnundurlar:

 

- Düşünürəm ki, bərbərxanaların açılması yaxşı addım oldu. Uzun müddət idi ki, baxımsız vəziyyətdə idik. Eşitdik ki, bu gündən bərbərxanalar fəaliyyətini bərpa edib. Elə gəldik, üzümüzə-başımıza əl gəzdirək. Təmizliyə çıxaq”.

 

- Bir aya yaxın idi ki, saçımızı kəsdirə bilmirdik. Bərbərxanaların açılmağı çox gözəl oldu”.

 

Bərbərxanalardan fərqli olaraq gözəllik salonlarında o qədər də çox müştəri ilə rastlaşmadıq. Gözəllik salonlarından birinin sahibi Həqiqət Zeynalova deyir ki, insanlar hələ də evdən çıxmağa ehtiyat edirlər: “Bir ay müddətdir ki, bərbərxanalar, gözəllik salonları bağlı idi. Təbii ki, bu hər kəsə pis təsir edirdi. Yəni hamı işləmək istəyir, hərənin öz maddiyyat məsələsi var. Çox şükürlər olsun ki, bu gündən dövlət tərəfindən bütün bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilib. Sadəcə müştərilər koronavirus təhlükəsinə görə gəlmək istəmirlər. Hələ ki, bir irəliləyiş yoxdur. Görürsünüz bu gün yalnız bir xanım müştərimiz var. Hələ ki, davamiyyətimiz belədir”.

 

Amma ustalar bu vəziyyətin də yaxın günlərdə aradan qalxacağına ümid edirlər: “Baxaq da, görək bundan sonra salonlarda vəziyyət necə olacaq. İnşallah, işlərimiz yaxşı olar. İndi bura gələn insanlar daimi müştərilərimizdir. Sağ olsunlar, həmişə bizim salona gəlirlər. Xalqımıza hər şeyin yaxşısını diləyirəm. İnşallah, hər şey yaxşı olacaq”.

 

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilir. Digər rayonlarda isə sözügedən sahələr üzrə fəaliyyət göstərmək sərbəstdir.

 

Həmidağa Məcidov,

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv