Bir çox xəstəliklərin dərmanı: biyan balı - REPORTAJ
27 ildir ki, Saatlıdan olan məşhur arıçı Ehtiram Məmmədov arıçılıq təsərrüfatında biyan balının istehsalı ilə məşğuldur. Desək ki, sırf biyan çiçəklərinin şirəsindən çəkilən biyan balını ilk dəfə Azərbaycanda o istehsal edib, yanılmarıq. Neçə illərdir Saatlının Sımada kəndinin çöllüyündə qoruduğu yüz hektarlarla biyanlıqda yerləşən 50-dən çox arıxanada sırf biyan balı istehsal edir.
Biyan kökünün əczaçılıq sənayesində əhəmiyyətini görən arıçı hesab edir ki, biyanın gülündən çəkilən balın müalicə əhəmiyyəti daha çoxdur. Kökündən əczaçılar dərman, gülündən isə arılar bal düzəldir. Faydalarını saymaqla qurtarmaq olmur. Beyin-qan dövranı, dəri problemləri, prostat və sidik-yollarının, qaraciyərin və sair xəstəliklərin müalicəsində biyan balının əvəzsiz rolu var. Ağciyər, mədə-bağırsaq xəstəlikləri və cinsi zəifliyin müalicəsində daha güclü təsirə malikdir. Qiymətli ərzaq kimi də biyan balı süfrələrimizi bəzəyir.
Qeyd edək ki, Muğan çölündə optimal iqlim şəraitində bitən şirin biyanın analoqu yoxdur. Dünyanın ən dadlı biyanı elə Mil-Muğanda bitir. Necə deyərlər, böyük bir əczaçılıq fabrikinin gördüyü işi bu möcüzəvi arı ailələri həyata keçirir. Sanki bir istehsal maşını, uçan laboratoriyadır.
Məhz effektiv müalicəvi əhəmiyyətinə görə yaponlar biyan balı növünə böyük maraq göstərir. Hətta bütün yoxlamalardan sonra hər il Ehtiram Məmmədovun arıçılıq təsərrüfatında olan biyan balından 1 tona yaxın bal alaraq, Yaponiya bazarında satırlar. Tək yaponlar yox, çinlilər və amerikalılar da bu bala böyük maraq göstərir.
Qeyd edək ki, Saatlıda biyan kökü istehsal edən zavod da var. Bu zavod əczaçılıq fabrikləri üçün xammal istehsal edir. Bu, həm də biyan bitkisinin kökünü yığmaqla biyanın artmasının da qarşısını alır. Amma biyan çiçəklərindən istehsal olunan bal biyanı məhv etmir. Əksinə, az məsrəflərlə biyan balı çox məsrəflərə başa gələn və baldan daha ucuz satılan biyan kökündən sərfəlidir.
Aparıcı mütəxəssis Ağamir Ağayevin sözlərinə görə, artıq Saatlıda biyan balının süzümünə başlanılıb. Arılar öz işlərini görüblər. Arılar bizim üçün bal yığır. Biyan balı bronxlara, öskürəyə, immunitetin güclənməsinə çox xeyirdir. Vaksin kimi bir şeydir. İnsanlar alır, xoşlayır, dadlıdır. Yaponlar analiz ediblər tərkibini, güclü tərkibi var. Saatlıda açılan biyan kökü zavodunda biyanın kökləri istehsal olunur. Jenşenə bərabər bitkidir. Qiyməti 25-30 manat arası dəyişir. Balın tərkibinin 90%-i sırf biyan balıdır. Dövlətin dəstəyinə ehtiyac var”.
Bir çox beynəlxalq arıçılıq simpoziumlarının iştirakçısı olan Ehtiram Məmmədov arıçılıq haqqında geniş bilgilərə malikdir. Təkcə balın istehsalı ilə yox, həm də arıdan bir çox arıçılıq məhsullarının alınmasında böyük təcrübəsi olan mütəxəssisdir: “Azərbaycanın florası çox zəngindir. Burada qiymətli dərman bitkiləri var ki, onun da biri biyan bitkisidir. Biyanın çox növləri var, bu şirin biyan arıçılıq sahəsi üçün çox effektivdir. Mənim bu sahəni kəşf eləməyim belə oldu ki, biyanlıq sahəni görüb nümunə üçün 5-6 arı pətəyi qoymuşam və o məhsulu götürüb digərlərinə satmışam və insanlar dad bilməsi ilə qiymət veriblər. Ondan sonra mənim üçün bir kəşf kimi oldu. 3 il biyan balından yaponlara satılıb. Aran zonasından müxtəlif yerlərdən yığılan 8 tona yaxın biyan balı Azərbaycandan Yaponiyaya ixrac olunub, o cümlədən mən də 700-800 kq arasında biyan balı satmışam. Yaponlar burda olublar, baxıb qiymət veriblər və bir ay sonra dönüb balı alıblar”.
Azərbaycandan ixrac olunan biyan balı Yaponiya bazarında "Caucasus Peru Honey" brendi ilə satılır. Biyan balına yaponlar xüsusi maraq göstərir və ildən-ilə biyan balına olan tələbat artmaqdadır. Yapon arıçılarının böyük qiymət verdiyi biyan balının istehsalını artırmaqla, onun ixracını stimullaşdırmaqla ölkəyə xeyli valyuta qazandırmaq olar. Yetər ki, istehsalçılara şərait yaradılsın!
Əlibəy Zeynallı