Bir gecədə iki mağazadan oğurluq etdi
Balakəndə bir gecədə iki mağazadan oğurluq edən şəxs tutulub.
APA TV-nin məlumatına görə, Balakən Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən ümumilikdə 1100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər.
Məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və ilkin araşdırmalar zamanı cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən rayon sakini İzzət Məsiyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edib.
İzzət Məsiyevin oğurladıqları onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktlarla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vuqar Heydərov, Əhməd Fərruxoqlu, APA TV, Balakən