Bir gündə 4 mindən çox gənc səfərbərlik üçün müraciət etdi - PREZİDENTİN ÇAĞIRIŞINDAN SONRA

Hazırda paytaxtda və bölgələrdə hərbi xidmətini başa vurmuş şəxslərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kütləvi qeydiyyatı müşahidə olunmaqdadır.


APA TV-nin məlumatına görə, ötən gün Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc orduda könüllü xidmət etmək üçün qeydiyyata alınır.

 

Paytaxtda və bölgələrdə hərbi xidmətini başa vurub ehtiyatda olan vətəndaşlar hər an ordumuzun sıralarına qatılıb düşmənə qarşı döyüşlərdə iştirak etməyə hazır olduqlarını bildirirlər.


- Hər birimizin borcudur ki, gedib vətən uğrunda döyüşək. Heç bir şəhidimizin qanını yerdə qoymayacağıq. Hər birimiz səfərbər olmağa hazırıq.

 

- Vətənin dar günündə bu, bizim hər birimizin vətəndaşlıq borcudur. Öz atamın yolunu gedirəm. O vaxt atam da I Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Bu Vətənin oğluyam. Gərək Vətənin dar günündə də onun yanında olam.

 

- Biz həmişə Vətənə qulluq etməyə hazırıq. Mən dünən Nizami rayon səfərbərlik idarəsində qeydiyyatdan keçmişəm. Allah şəhidlərimizə rəhmət etsin. Ailələrinə başsağlığı diləyirik. Vətən bizimdir. Onun üçün hər şey etməyə qadirik.

 

- Müraciət etdik ki, könüllülər dəstəsinə bizi də qeydə alsınlar. Sağ olsunlar ki, bizim istəyimizi yerə salmadılar və bizi bu könüllülər dəstəsinə əlavə etdilər. Ordumuzda olan bütün əsgərlərimizə hər an, hər dəqiqə kömək etməyə hazırıq.

 

- 4 il bundan qabaq həqiqi hərbi xidmətdə olmuşam. Dünən də cənab Prezidentin çıxışından sonra gəlmişik könüllü olaraq hərbi xidmətə yazılaq. Biz fikirləşirik ki, bizim ordakı 18 yaşlı qardaşlarımızdan təcrübəmiz daha çoxdur. Əgər təcrübəyə, məşqə də qalsa, problem yoxdur. Bir müddət məşq edib gedib orda mübarizə aparmağa hazırıq.

 

Sumqayıtlı gənclər də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclər könüllü şəkildə döyüşdə iştirak etmək üçün müraciət edirlər. Həmin gənclərin rəsmi şəkildə qeydiyyata alınması həyata keçirilir. Onlar vətən torpağının qorunması üçün son damla qanına kimi vuruşmağa hazır olduqlarını deyirlər:

 

- Qeydiyyata alındıq. Biz istəyirik ki, gedək Qarabağda vuruşaq. Bizə keçmişdə olan, ana-bacılarımıza olan zülmlərin qisasların almalıyıq. Şəhidlərin qanı yerdə qalmamalıdır. Onların qisasını alaq. Biz vuruşmalıyıq, kişi kimi vuruşmalıyıq. Döyüşüb mübarizəmizi kişi kimi aparmalıyıq.

 

- Bu gün bir dənə irəli komandası ilə hamımız Allahın izni ilə irəlidəyik. Özüm də əsgərlikdə çavuş olmuşam. Könüllü olaraq gəlmişəm. Bu dəqiqə də aparsalar, sevinərəm. Biz cənab Prezidentin əmrini gözləyirik. İnşallah ki, tez bir vaxtda əmr edər, çıxıb gedərik döyüşə. Çox istəyirik. Ona görə gəlmişik ki, könüllü olaraq çıxaq gedək.

 

Hazırda şiddətli döyüşlərin getdiyi Tovuz rayonunun sakinləri də kütləvi şəkildə rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirlər. Hazırda əhalidə ruh yüksəkliyi müşahidə edilir:

 

- Könüllü olaraq hərbiyə yazılmağa gəlmişik. Allahın köməyi ilə əsgərlərimizə dəstək olacağıq. Ordumuzun yanındayıq. Elimizin, obamın, millətimizin yanında olacağıq.

 

- Qardaşlar ordadır. Onun üçün mən də cəbhəyə getmək istəyirəm. Adımı yazdırdım. Allah canlarını sağ eləsin. Yaxşı köməkdarlıq elədilər.

 

- Komissarlıqda qeydiyyatdan keçməyə gəlmişik. Hər an, hər dəqiqə biz hazırıq. Sadəcə, Ali Baş Komandanımızın əmrini gözləyirik ki, qalxaq cəbhəyə.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib ki, gün ərzində ölkə üzrə dörd mindən artıq şəxs, o cümlədən xanımlar könüllü xidmət etmək üçün qeydiyyata alınıb.

 

Həmidağa Məcidov,

Ramil Zeynallı,

Fuad Nazimoğlu,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv