Bir gündə iki marketdən oğurluq edən şəxslər tutuldu
Bir gündə iki marketdən oğurluq edən Cəlilabad sakinləri saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayonun Qarazəncir kəndində yerləşən bir marketdən axşam saatlarında ümumilikdə 888 manat dəyərində nağd pul və tütün məmulatlarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Rahil Bağırov, Mətləb Verdiyev və Elbrus Bağırov yaxalanıb.
Aparılan araşdırmalarla onların həmin gün rayon ərazisindəki daha bir marketdən oğurluq etdikləri müəyyən olunub.
Saxlanıldıqdan sonra Rahil Bağırovun üzərindən 1 ədəd “beşbarmaq” adlanan soyuq silah da aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV