Bir ilin 7 günə dəyişən qiymətləri - BAZARLARDA VƏZİYYƏT NECƏDİR?
Bayram günləri bitdi. Bayram bazarlığı da həmçinin. Hazırkı vəziyyəti öyrənmək üçün paytaxt sakinlərinin ən çox alış-veriş etdiyi bazarlarından birinə baş çəkdik. Bir həftə əvvələ nisbətən müştəri daha seyrək idi. Bazarda isə necə deyərlər, “quş iliyi, can dərmanı” - nə desən var. Qiymətlərə gəlincə...
“Ətin qiyməti bayram ərəfəsində necə idisə, indi də o qiymətədir. Yəni 11 manata sümüklü ət, 13 manat 50 qəpiyə isə quzu ətidir. Artım olmayıb, tələbat da yaxşıdır”.
Satışda quş əti qıtlığı hiss olunurdu, satıcılar bayramdan sonra quş ətinin bazara az gətirildiyini dedi. Balığın qiyməti ilə də maraqlandıq: “Kütümün kiloqramı 15-16, farelin 12-14, sudak və sazanın kiloqramı 8, kefal 10 manatadır. Təkcə nərə sata bilməmişəm. Ona görə ki, son günlər nərə yoxdur. Olanda kiloqramını 40-50 manatdan satırıq. Balığın müştərisi həmişə var. Allah bərəkət versin”.
Ət və balığın qiymətləri ilə maraqlandıqdan sonra tərəvəz məhsullarına olan tələbatı və qiymətləri öyrəndik: “Kartofun kiloqramı 70 qəpikdən başlayır, 1 manata da, 1 manat 30 qəpiyə də var. Əsasən Gədəbəydən gətiririk. Amma sortuna görə qiymət dəyişir. Telman sortu var, Qazax sortu var. Ən bahalı kartof 1 manat 30, ən ucuzu isə 65 qəpikdir . Soğan Ağdamdan gətirilir, 50-60 qəpik arasında qiymət dəyişir, 80 qəpiyə isə qırmızı soğandır”.
“Pomidorun qiyməti 2-2 manat 50 qəpikdən, xiyarın qiyməti 4 manatdan başlayır. Ən aşağı qiymət 2 manatdır. Bakı badımcanı 2, şirin bibər 3, acı bibər 2-2 manat 50 qəpiyə satılır. Tələbat bayram ərəfəsində çox yaxşı idi. Bərəkətli oldu. İndi isə yox, alıcı qıtlığı var. Məhsullarım yerlidir”.
SATICI: “Kənd yumurtasının öz müştərisi var. Mən Sabirabaddan gətirirəm, 40 qəpikdən satıram. Alan da var. Yəni müştərimlə işləyirəm”.
Yerkökünün qiyməti 80, çuğundurun, gül kələminin qiyməti isə 1 manat 50 qəpikdir.
Meyvə satanlar müsahibədən imtina etdi. Dedilər ki, almalar həm yerli, həm də xarici bazarlardan gətirilir. Qiymətlər 1 manat 50 qəpikdən başlayır.
Ən maraqlısı isə süfrələrin əvəzolunmaz neməti hesab olunan çayların qiyməti idi: “Çaylarla bərabər əlavələrimiz də var. Dadlandırıcı güllər. Onları adətən qramla satırıq. Kiloqramla alan az adama rast gəlmək olar. Lənkəran çayının qiyməti də sortuna görə dəyişir. Yarpaqlı çay, buket çayı və sair sortlar var. Birinci sort Lənkəran çayının qiyməti 400 manatdan başlayır. Əla keyfiyyətli çayın kiloqramı isə 500 manata satılır. Tələbat da var. Mənim müştərim hər zaman olub. Çünki təbii çay gətiririk. Heç bir çayın tərkibinə rəng vurulmayıb”.
Fürsətdən istifadə edib alıcıların qiymətlə bağlı fikirlərini öyrəndik: “Yerdən göyə qədər qiymətlərdən narazıyam. Pomidoru 3-4 manata satırlar, bəyəm pomidor Amerikadan gətirilir? Yox. Bu qiymətə heç Amerikada tərəvəz yoxdur”.
“Mən bazara bir az var gəlmişəm. Bolluqdan razıyam. Nə bilim, qiymətlərdən nə uyğun olsa onu alıram. Yəni çalışıram cibimə uyğun bazarlıq etdim”.
Belə... Bazarlarda mənzərə 1 həftə ərzində bir neçə dəfə dəyişdi. Həm, satılan mallar, həm müştəri, həm də qiymət sarıdan... Amma istənilən halda bazara gedirsənsə, əlin cibində olmalıdır, hərdən çıxarmaq şərti ilə.