”Bir o qalıb ki, öləndə də imtahan götürsünlər”
Azərbaycan şairi, dahi Məhəmməd Füzulinin 1537-ci ildə qələmə aldığı “Leyli və Məcnun” poemasında bir epizod var: Məcnun dünyaya gələrkən ağlayır. Füzuli də bunu belə əlaqələndirir ki, Məcnun başına gələ biləcək hadisələri əvvəlcədən duyur, həyatın ona yaşadacağı imtahanlara görə ağlayır”. Yəni, dünyaya gəlişimizlə belə imtahan veririk biz. Ta ki, qəbir evimizə qədər. Məsələn, katolik kilsəsi orta əsrlərdə xalqdan müəyyən məbləğdə pul alıb, onlara “Cənnət qəbzi” təqdim edirmiş ki, günahları bağışlanılsın, cənnətə düşsünlər. Belə demək mümkünsə, bu indulgensiyanı alan avam cəmiyyət sorğu-sual imtahanlarından rahat çıxıb, Cənnətə düşəcəklərinə inanırdılar. Amma nə indi orta əsrlərdir, nə də indulgensiya satışı var. Buna baxmayaraq az qala alacağımız oksigenin belə zamanla imtahanını veririk. Bağçaya getmək üçün imtahan, orta məktəbə daxil olmaq üçün imtahan... 11-ci sinfi bitirənə kimi mərhələli şəkildə imtahan... Universitetə imtahan... Bununla da yekunlaşmır imtahan səbəbindən yaranan daxili gərginliyimiz, bəzən də qorxumuz, həyəcanımız. Ali məktəbi bitirib, işə qəbul olmaq təşəbbüsü göstərəndə məlum olur ki, yenə imtahan verməliyik. İş qəbul olursan, sonra məlum olur ki, işdə qalmaq üçün yenə imtahan verməlisən. Ta pensiya yaşına kimi az qala sayını itirdiyimiz imtahanlardan keçirik. Onsuz da taleyin bizi sınağa çəkdiyi imtahanlarla həyatımız gərginliklə, stresslə keçir. Müxtəlif qurumların təşkil etdiyi imtahanlar da bir yandan. Bizə “qiymətləndirmə” adı altında sırınan, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi sertifikasiya imtahanlarının gərginliyi də bir ayrıdır. Sosioloqların fikrincə addım başı imtahanların keçirilməsinin insanlara stressdən başqa bir xeyri yoxdur. Məsələn, nə gərək ki, var ki, yaşı 50-ni haqlamış bir müəllim imtahan versin. Məlum, o yaşına kimi yüzlərlə tələbə yetişdirən bir pedaqoq savadsız ola bilməz! Amma təkcə sertifikasiya sözü kifayət edir ki, bu müəllim yaşının ahıl vaxtında “xala xətrin qalmasın” deyib imtahana hazırlaşsın. Vay o günə ki, qocaman sənətkar zəif nəticə nümayiş etdirsin. Həm hörməti düşür, həm də bilik səviyyəsi şübhə altına alınır. Təbii ki, bu, birbaşa onun reputasiyasına kölgə salır. Hər nə qədər cəmiyyətə faydalı şagird, tələbə yetişdirə bilməyən sağ otaqdakı “Həsənağanın qohumu” yüksək nəticə göstərsə də. Bütün bunlar bir yana. Bizi sadəcə bir sual maraqlandırır. Elm və Təhsil nazirliyi niyə öz universitetinə güvənmir? Universiteti bitirən hər bir şəxsin diplomunda nazirin imzası var. Belə çıxır ki, nazir öz imzasını qəbul etmir, öz imzasını dəyərsiz sayır. Sualın cavabını bilməsək də təkcə onu bilirik ki, mövcud vəziyyət bunu göstərir. Hə, insanlar arasında belə bir məşhur söhbət var... Napaleon Bonapartı yuxudan oyadıb,deyirlər ki, düşmən hücuma keçib, qapını kəsdirib. Napaleon da cavab verir ki, məni elə həyəcanla oyatdınız, elə bildim, imtahana çağırırsınız. Rəhmətliyin sözünə qüvvət, imtahanın təkcə adı insanlarda qorxu, həyəcan ,stressə səbəb olur. Qorxu isə ən dəhşətli xəstəliyin siqnalıdır. AYTƏN SAKİTQIZI