Bir qrup azərbaycanlı Ukraynanın dəniz limanlarında blokadada qalıb
“Hazırda Ukrayna limanlarında 450-yə yaxın dənizçi, 80-ə yaxın gəmi blokada vəziyyətində qalıb”.
Bu açıqlama ilə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams çıxış edib.
BMT nümayəndəsinin sözlərinə görə, onların üçdəbiri filippinlilərdir, lakin Azərbaycan, Türkiyə və Suriyadan da çoxlu sayda insan var.
Xarici İşlər Nazirliyi də Ukrayna limanlarında qalan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Modern.az-a bildirib ki, bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olub.
"Ukraynadakı Səfirliyimiz heyətlə əlaqə saxlayıb, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılıb. Vətəndaşlar, Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönüblər. Digər gəmidə qalan vətəndaşlarımız barədə Səfirliyimizə hələ ki, məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır", - deyə Leyla Abdullayeva bildirib.